Dünya kubokundan uğurla çıxış edən karateçilərimiz Vətəndə təntənəli şəkildə qarşılandı

Dünya kubokundan uğurla çıxış edən karateçilərimiz Vətəndə təntənəli şəkildə qarşılandı

Bolqarıstanın Varna və Kamçiya şəhərlərində keçirilən karate üzrə “KWU-SENSHI” üzrə dünya kubokunda uğur qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb. 
Olimpnews.az Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış və beynəlxalq yay təlim-məşq toplanışlarında uğurla çıxış edən idmançılarımız Heydər Əliyev adına Beynəlxalq Hava Limanında böyük coşqu ilə qarşılanıb.
Milli komandaya rəhbərlik edən Azərbaycan Karate Federasiyasının baş katibi və “KWU-WFKF” üzrə Azərbaycan nümayəndəsi Qabil Sayadov, komandanın çıxışını uğurlu qiymətləndirib və yaradılan yüksək şəraitə görə ölkə başçısı İlham Əliyevə, Federasiyanın prezidenti Ülvi Quliyevə və idarə heyətinə dərin minnətdarlığını bildirib:
“Bu nəticələrin təməlində ölkəmizdə idmana göstərilən diqqət və federasiya rəhbərliyinin davamlı dəstəyi dayanır. Biz bu etimada layiq olmaq üçün əlimizdən gələni edirik.”
Yarışda fərqlənən iki idmançımız  Selcan Babayeva (16-17 yaş, +65 kq) qızıl, Cavid Kazımlı (16-17 yaş, +75 kq) isə gümüş medal qazanaraq Azərbaycanın idman tarixinə növbəti uğurlu nəticələri yazdırıblar. Gənc karateçilərin bu nailiyyəti onların şəxsi məşqçiləri Vidadi Xəlilov və Vüsal Məmmədovun uzunmüddətli zəhmətinin və peşəkar hazırlıq prosesinin bariz nümunəsidir.
Milli komandamızın yeniyetmə və gənclər üzrə baş məşqçisi Elpərəs Sayadov da yarışın hazırlıq mərhələsində gənc idmançıların inkişafında xüsusi rol oynayıb. Onun rəhbərliyi ilə gələcək nəsil karateçilər sistemli və mərhələli şəkildə beynəlxalq arenalara hazırlanır.
Qarşılanma mərasimində idmançıları və məşqçiləri AKF prezidentinin köməkçisi, federasiyanın mətbuat xidmətinin rəhbəri Vüsal Abdullazadə, media nümayəndələri, idmançıların ailə üzvləri və çoxsaylı azarkeşlər qarşılayıb. Milli komanda üzvləri alqışlar, çiçəklər və bayraqlar altında böyük ruh yüksəkliyi ilə qarşılanıblar.
Gələcək planlara toxunan Qabil Sayadov bildirib:
""SENSHI" yarışları dünya səviyyəsində yüksək nüfuza malik platformadır. Qarşıdakı aylarda bu arenada daha güclü heyətlə çıxış etməyi planlaşdırırıq. Təlim-məşq prosesi artıq mərhələli və sistemli şəkildə təşkil olunub".
O qeyd edib ki, Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən “KWU-WFKF” Birliyi növbəti beynəlxalq yarışlara hazırlıqlarını davam etdirir:
“Məqsədimiz yalnız medallar qazanmaq deyil, həm də Azərbaycan karatesini beynəlxalq arenada sistemli şəkildə tanıtmaq və möhkəmləndirməkdir.”