"Uşaq oyunlarından döyüş hazırlığına: Əcdadlarımızın müdrik strategiyaları"

"Uşaq oyunlarından döyüş hazırlığına: Əcdadlarımızın müdrik strategiyaları"

Uşaqlıq oyunlarının sirli dilini heç vaxt unutmaq olmur. “Gizlənqaç”, “Bənövşə”, “Ənzəli”, “Xan-Vəzir” və s.... Bu sadə görünən əyləncələr, əslində, nəsillərdir ki, bizə görünməyən bir təlim proqramı kimi tətbiq edilib və bizim inkişafımıza xidmət edib. Əcdadlarımızın müdrikliyi oynadığımız hər oyunun içində gizlənir: təbiətlə uyğunlaşmaq, qərarvermə qabiliyyəti qazanmaq və hətta təhlükələri əvvəlcədən hiss etmək bacarıqları, bədən dili jestlərini anlamaq. Əcdadlarımız bizə sadəcə əyləncə üçün oyunlar öyrətməyiblər. Bu oyunların hər biri gələcəyin mübarizələrinə hazırlıq mərhələləri idi. Bu oyunların qaydaları və məntiqi, nəsillərdir ki, insanı fiziki, zehni və emosional cəhətdən gücləndirmək üçün nəzərdə tutulub.
Bu araşdırmada, uşaqlıq oyunlarının arxasında yatan "döyüş hazırlığı" məntiqini açacağıq. Oyun meydançası, həyatın ilk döyüş sahəsidir və ilk mübarizəsidir. Gəlin, bu unudulmuş biliklərin izinə düşək və köhnə oyunların müasir dövr üçün nə qədər aktual olduğunu kəşf edək. Çünki bəlkə də, ən güclü döyüşçülər, əvvəlcə ən yaxşı oyunçular olublar.
Beləliklə, “Gizlənqaç” oyunu.
Yəqinki oyunun şərtlərini hamı bilir. Qrup oyunu olduğundan bir nəfər gözlərini yumur və onadək sayır, bu müddət ərzində isə digər oyunçular gizlənməli, səssiz və hərəkətsiz olmalıdırlar. Say bittikdən sonra isə gözlərini yuman adam gizlənənlərin axtarışına çıxır. Tapdığı oyunçunun əlamətlərindən adını doğru deməlidir, yalnız bu halda tapılan onun əsirinə çevrilir. Digər oyunçulardan hər hansı biri axtarandan daha əvvəl “ev”ə əlini vurmalıdır. Bu oyunun kökləri qədim insanların ov strategiyalarına və təhlükədən gizlənmə instinktlərinə söykənir. İndi bu oyunun döyüş hazırlığına təsirlərini müəyyən edək:
oyunçu real həyatda cəmi 10-15 saniyə ərzində düşməndən gizlənmək üçün ətraf mühiti və ərazini qiymətləndirməyi (kölgələr, relyef, təbii örtük) və sürətlə sıçrayış edərək özünü həmin yerə çatdırmağı öyrənir.
hər bir gizlənən "Ev"ə qaçmaq üçün doğru anı seçməlidir (düşmənin arxasını çevirdiyi an) - hərbi terminlə desək, "uğurlu anı dəyərləndirmək" bacarığını inkişaf etdirir. 
ayaq izləri, səs və hərəkət dinamikasını minimuma endirmək - bu, kəşfiyyatçılar üçün əsas bacarıqdır və döyüş meydanında səs intizamının əsasını təşkil edir.
"Ev"ə qaçmaq anlarında qısa məsafədə sürətli reaksiya - döyüşdə ələ keçməkdən və ya hər hansı zərbədən yayınmaq üçün kritik bacarıq.
uzun müddət gizlənmək və ya qaçmaq üçün fiziki dözümlülük tələb olunur (hərbi məşqlərdə "stress altında dözüm" ekvivalentdir və dayanıqlılığın artırılmasına xidmət edir.
düzən və ya dağlıq ərazidə balansı saxlamaq - real döyüş şəraitində ayaq qaçırmamaq və koordinasiya üçün vacibdir ki, bu da öz növbəsində qeyri-nizami döyüş üçün ideal hazırlıqdır.
gizləndiyi yerdə nəfəsini və hərəkətini idarə etmək - düşmən yaxınlığında panikasız və soyuqqanlılıq üçün təlimdir.
səssiz işarələrlə (əl, baxış) digər oyunçulara xəbər vermək - real döyüşdə radiosuz rabitə üsuludur ki, günümüzdə xüsusi təyinatlılar hələ də bu üsullardan istifadə edir.
əlamətlərə də yetirilir. Hələ oyun başlamazdan əvvəl hər kəs oyunçuların geyimlərini, onların bədən quruluşlarını diqqətlə nəzərdən keçirər və yadda saxlayardılar ki, bu da öz növbəsində diqqəti və yaddaşı inkişaf etdirir. 
Əlbəttə, bu oyunu təbiətlə sinxronlaşmaq, düşmən qarşısında zehni sabitlik, fiziki və taktiki çevikliklə uşaqların gələcək döyüş hazırlığındakı inkişafına təsirlərini kifayət qədər sadalamaq olar. 
İndi digər uşaq oyununu, “Bənövşə”ni təhlil edək.
“Gizlənqaç” oyununda olduğu kimi, “Bənövşə” də qrup oyunudur. 2 komanda (hər biri 5-10 nəfər) üz-üzə düzülür, əl-ələ tutaraq bir sıra xətti formalaşdırır. Komandalar arasında 10-15 metr məsafə qoyulur. Bir komanda digərinə çağırış edir:
"Bənövşə, bəndə düşə! Bizdən sizə kim düşə?"
Digər komanda cavab verir:
"adı gözəl, özü gözəl ... (seçdikləri qarşı komandanın oyunçusunun adı)".
Göndərilən oyunçu qarşı komandanın sırasını əl-ələ birləşmələrindən qırmağa çalışır. Əgər uğurlu olarsa, öz komandasına 1 oyunçu qazanır (qırılan nöqtədən bir nəfəri aparır). Uğursuz olarsa, əks komandanın üzvü olur. Qaçan oyunçu yalnız əllərin birləşdiyi nöqtəyə zərbə endirə bilər, qarşı komanda isə əllərini aşağı salmamaqla müqavimət göstərməlidir. İndi bu oyunun uşaqlara qazandırdığı keyfiyyətləri nəzərdən keçirək:
komanda sırasını qoruyarkən hərbi bölmələrdə olduğu kimi kollektiv güc tələb olunur. 
hücum edən oyunçunun qəfil sıçraması - real döyüşdə "zərbə nöqtəsinə" uğurlu anda atılma strategiyasıdır.
ən zəif görünən əl birləşməsinə (bəndə) hücum - düşmən xəttində zəif halqanı müəyyən etməyi uşaq vaxtından inkişaf etdirir.
komanda ilə çağırış və nida səslərilə rəqibi stressə salmaq (psixoloji müharibə elementi).
sıranın qırılmaması üçün hər kəsə eyni anda güc vermək - hərbi bölmələrdə "sıra xətti müdafiəsi" ilə eyni prinsipdir.
uğurlu həmlə ilə rəqibin komandanın üzvünü əsir götürmək - qədim döyüşlərdə qüvvə balansını dəyişən taktika.
komandanın rəqibə qarşı kollektiv ruh saxlaması (hərbi bölmələrdə "bir vücud" anlayışı).
daxili çəkişmələrdə, nümayiş və mitinqlərdə eyni zamanda kütləvi ixtisaslarda asayişin qorunması üçün mühüm element.
ov mədəniyyətində canlı "hasar" quraraq heyvanları tələyə salma texnikası ilə bənzərlik.
Bütün sadalananları nəzərə alaraq müdrik babalarımızın bize bir oyun kimi oyrətdiyi “Bənövşə”nin əslində kollektiv həmrəylik və fərdi cəsarəti balanslaşdırdığının, düşmən xəttinin zəif nöqtələrini kəşf etməyi, qədim döyüşçülərin "xətti müdafiə" təlimlərinin kiçik yaşlarda öyrədildiyinin şahidi oluruq.
İndi isə əsasən oğlanların oynadığı “Ənzəli” yaxud digər adıyla “Qoç atlama” oyunundan bəhs etmək istəyirəm. Oyunu əsasən 1 əyilən ("keçi"/"dayaq") və növbə ilə atlayan 3-5 və daha artıq uşaq oynayır. "Keçi" əyilərək (beli paralel, əlləri dizlərinə dayayaraq) dayanır. Digərləri növbə ilə qaçıb onun üzərindən atlayır. İlkin mərhələdə "Keçi" aşağı səviyyədə dayanır, komanda üzvləri atladıqca "keçi" əyilmə dərəcəsini azaldır (belini qaldırır). Əgər atlayan "keçi"yə toxunub devrilsə və ya atlaya bilməsə, o, "keçi" olur. Gəlin bu oyunun uşaqlara qazandırdığı keyfiyyətlərə diqqət yetirək:
pərvaz qüvvəsi hündürə atlamaq üçün ayaqlardan partlayıcı güc tələb edir bu isə öz növbəsində döyüşdə maneələri keçmək üçün əsas bacarıqdır.
atlama anında bədən nəzarəti hərbi məşqlərdə "balans" və koordinasiya hərəkətləri ilə eynidir.
qorxuya qalib gəlməklə hündürlükdən atlamaq riskini idarə etmək döyüşçülərin ilk təlimlərindəki "özünəinam" prinsipidir.
"Keçi"nin digərlərinin tullanması üçün sabit dayanması bir-birinə güvənmə və komanda məsuliyyətini ortaya qoyur.
bu cür maneəni aşmaqla real döyüşdə xəndək, divar kimi əngəlləri keçmək üçün təcrübə qazandırır.
"Keçi"nin yüksəlməsi ilə mürəkkəbləşən şərtlərə uyğunlaşmaq döyüş şəraitində dinamik dəyişikliklərə adaptasiyanı özündə əks etdirir.
Uşaqlara fiziki cəldlik, risk idarəsi və komanda ruhu aşılayan bu oyun gələcək döyüşçülərin maneələrə çevik reaksiyasını, onların qorxu həddini aşmalarını, kollektiv həmrəylik anlayışını inkişaf etdirərək hərbi fəaliyyətlərdə döyüş qabiliyyətinin qorunub saxlanılmasına və qarşıya qoyulmuş tapşırıqların icrasına müvəffəq olmalarına yardımçı olur.
Müdriklərin düşündüyü uşaq oyunları yalnız fiziki qabiliyyətləri inkişaf etdirmir, günümüzdə “bədən dili” adlanan və artıq bir elmə çevrilən emosiyaların idarəolunması, qarşındakı şəxsin hərəkət və davranışlarının müşahidəsilə ilkin mülahizələrin təsəvvürü haqqında rəy yaradan oyunlar da mövcud olmuşdur ki, bunlardan biri də məşhur “Xan-Vəzir” yaxud yeni və bənzər şərtlərlə “Mafia” oyunudur. Oyunun qaydalarına əsasən kağız parçalarına aşağıdakı rollar yazılırdı: Xan, Vəzir, Cəllad, Oğru, Sadə vətəndaş (və ya "xalq", "adam", "kəndli" kimi də qeyd olunurdu). Hər kağız bükülür, qarışdırılır və oyunçular tərəfindən təsadüfi seçilirdi. Rollar gizli saxlanılırdı, xan və ya vəzir kiminsə “oğru” olduğunu tapmağa çalışırdı, xan, vəziri çağırır və “Kim oğrudur?” deyə soruşur, vəzir isə təxmin etməli idi. Əgər vəzir doğru adamı “oğru” kimi tanısa, cəllad onu “öldürürdü” (yəni oyundan çıxarırdı). Əgər səhv adamı desə, bəzən “cəllad vəziri öldürürdü”, bəzən isə “xan” və “cəllad” səhv insana cəza verirdi. Əgər oğru tapılmazsa, oyun davam edirdi, növbəti turda kağızlar yenidən bölünürdü. İndi də bu oyunun gələcək döyüşçülər üçün əhəmiyyətini təhlil edək:
oğrunun gizlənərkən üz ifadəsini və bədən dilini nəzarət etməyi öyrənməsi hərbçilər üçün vacib bir bacarıqdır.
vəzirin səhv qərar verdikdə cəzalandırılması - səhvlərdən dərhal nəticə çıxarmaq məcburiyyətidir.
oğrunun özünü "günahsız" kimi göstərməsi - real döyüşdə düşmənə yanlış məlumat yaymaqla manipulyasiya məntiqini orta qoyur.
xanın vətəndaşları inandırmaq üçün psixoloji təzyiq qurması uşaqlarda rəhbərlik bacarığını inkişaf etdirir.
vəzirin oğrunu tapmaq üçün şübhəlilərin davranışını analiz etməsi - hərbi terminlə "hədəf prioritizasiyası" və zəif nöqtələri müəyyənləşdirməyə xidmət edir.
kəndlilərin müzakirəsində yalançı məlumatları ayırd etmək (informasiya müharibəsi).
cəlladın cəzanı dərhal icra etməsi - döyüşdə anlıq reaksiya tələbini simulyasiya edir və sürətli qərarverməni inkişaf etdirir.
oğrunun özünü gizlətmək üçün sürətli hərəkət etməsi (məsələn, şübhə doğuran davranışlardan qaçınmaq) öz emosiyalarını və soyuqqanlılığını gizlətmə bacarığı.
xanın qərar mərkəzi kimi çıxış etməsi - hərbi bölmələrdə "komandir-inzibatçı" modeli ilə uyğunluq təşkil edir.
oğrunun tutulması - real döyüşdə əsir sorğusu üçün psixoloji hazırlığa ilkin mərhələlər və onu ələ verəcək silsilə suallar.
Bu oyun vasitəsilə oyunu düşünən müdriklərimiz bizə hələ uşaq yaşlarından psixoloji sabitlik, strateji çeviklik, komanda ruhu, rəhbərliyi qəbuletmə kimi əsas döyüşçü anlayışlarını aşılamışlar.
Qədimdən bəri Azərbaycanın ənənəvi uşaq oyunları, uşaqların əyləncə vasitəsindən daha çox məna daşıyır. Bu oyunlar, əslində, nəsildən-nəsilə ötürülən müdrik bir təlim sistemidir ki, həm fiziki, həm də zehni hazırlığın əsaslarını özündə cəmləşdirir.
"Gizlənqaç", "Bənövşə", “Ənzəli”  "Xan oyunu" və digər ənənəvi oyunlarımızın hər biri müxtəlif döyüş bacarıqlarının inkişafına xidmət edir. "Gizlənqaç" oyunu ilə kəşfiyyatçılıq qabiliyyətləri, "Bənövşə" oyunu ilə komanda işi və taktiki düşüncə, "Ənzəli" oyunu ilə qarşılıqlı inam və maneələrin dəf edilməsi, "Xan oyunu" ilə isə psixoloji mübarizə və qərarvermə bacarıqları formalaşır.
Bu oyunlar vasitəsilə əcdadlarımız bizə təkcə əyləncəli vaxt keçirməyib, həm də milli döyüş ənənələrimizin əsaslarını öyrədiblər. Onların hər biri real döyüş şəraitində lazım ola biləcək bacarıqları inkişaf etdirmək üçün sanki xüsusi hazırlanmış təlim proqramlarıdır.
Müasir dövrdə belə bu oyunların aktuallığını itirməməsi onların nə qədər dərin məzmun daşıdığının sübutudur. Ənənəvi oyunlarımız təkcə keçmişin xatirəsi deyil, gələcək nəsillər üçün dəyərli təlim vasitəsidir.
Nəticə etibarilə, Azərbaycan ənənəvi oyunları milli mədəniyyətimizin tərkib hissəsi olmaqla yanaşı, eyni zamanda döyüş hazırlığının unikal metodologiyasını təmsil edir. Bu oyunları yaşatmaq və nəsillərə ötürmək - milli döyüş ənənələrimizi qorumağın ən səmərəli yoludur.

Yaşar Qənbəroğlu

"Uşaq oyunlarından döyüş hazırlığına: Əcdadlarımızın müdrik strategiyaları" "Uşaq oyunlarından döyüş hazırlığına: Əcdadlarımızın müdrik strategiyaları" "Uşaq oyunlarından döyüş hazırlığına: Əcdadlarımızın müdrik strategiyaları"