Cüdo millimiz Avropa çempionatında birinci oldu

Cüdo millimiz Avropa çempionatında birinci oldu

Moldovanın paytaxtı Kişineuda keçirilən cüdo üzrə U-23 Avropa çempionatına yekun vurulub.

Olimpnews.az xəbər verir ki, 37 ölkədən 308 (172 oğlan, 136 qız) idmançının mübarizə apardığı yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar.

Təmsilçilərimiz qitə çempionatını 2 qızıl, 1 gümüş, 1 bürünc medalla başa vurublar.

Qızıl medalları komandamızın aktivinə İslam Rəhimov (-66 kq) və Kənan Nəsibov (+100 kq) yazdırıb.

Komandamızın digər üzvlərindən Ömər Rəcəbli (-81 kq) gümüş, Aslan Kotsoyev (-90 kq) isə bürünc medala layiq görülüb.

Beləliklə, yarışı 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vuran komandamız 4 medalla həm ümumi komanda hesabında, həm də kişilər arasında turniri birinci pillədə tamamlayıb. Yarışda təkcə kişi cüdoçularımızın çıxış etməsinə baxmayaraq, yığmamız 37 ölkə arasında lider olmağı bacarıb.