Pxençxan-2018 Qış Olimpiya Oyunlarında biatlon yarışlarının qalibi, ikiqat Olimpiya çempionu almaniyalı Laura Dahlmeier faciəvi şəkildə dünyasını dəyişib.
Olimpnews.az Beynəlxalq Olimpiya Komitəsinə istinadən xəbər verir ki, Olimpiya çempionu Pakistanın Karakorum dağ silsiləsində yerləşən Laila zirvəsində alpinist qəzası nəticəsində həlak olub.
İdmançının yaxınları tərəfindən verilən açıqlamaya görə, qəza iyulun 28-də baş verib. Laura Dahlmeierin olduğu alpinist qrupunun üzərinə qaya parçaları düşüb. Nəticədə idmançı faciəvi şəkildə dünyasını dəyişib. Dərhal yardım çağırılıb və əraziyə helikopter göndərilsə də, hadisə yeri 5 700 metr yüksəklikdə yerləşdiyindən xilasetmə işləri ciddi şəkildə çətinləşib. İki gün davam edən axtarışlardan sonra çərşənbə günü dörd nəfərlik bir qrup Laura Dahlmeierin nəşini aşkarlayıb.
Qeyd olunub ki, Laura Dahlmeier əvvəlcədən yazılı şəkildə ölümcül bir qəza baş verərsə, heç kimin onun nəşini xilas etmək üçün həyatını təhlükəyə atmasını istəmədiyini ifadə etmişdi.
Olimpiya çempionu faciəvi şəkildə həlak oldu
