Azərbaycanın “Araz-Naxçıvan” klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.
Olimpnews.az xəbər verir ki, komandamız Bakıda 2:1 hesabı ilə qalib gəldiyi Yunanıstanın "Aris" klubu ilə üz-üzə gəlib.
Yunanıstanın Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilən oyun məhsuldar heç-heçə ilə yekunlaşıb -2:2. Oyuna Azərbaycan təmsilçisi fəal başlayıb. Bunun məntiqi nəticəsi olaraq Çarlz Boli 11-ci dəqiqədə hesabı açıb. Qarşılaşmanın 38-ci dəqiqəsində isə Felipe Santos penaltidən fərqi iki topa çatdırıb.
Oyunun 52-ci dəqiqədə "Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyro qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Yunanıstan təmsilçisi tezliklə say üstünlüyündən istifadə edərək təşəbbüsü ələ alıb. Əvvəlcə meydan sahiblərinin heyətində Fabiano Leysman 62-ci dəqiqədə hesabı minimuma endirib. Qarşılaşmanın 90-cı dəqiqəsində isə Monçu cərimə zərbəsindən hesabdakı tarazlığı bərpa edib. Oyunun son saniyələrində “Aris” klubunun futbolçusu Fabiano Leysman ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Beləliklə, iki oyunun nəticəsində görə “Araz-Naxçıvan” klubu yekunda 4:3 hesablı qələbə qazanaraq III mərhələyə vəsiqə qazanıb. Komandamızın növbəti mərhələdəki rəqibi Kiprin "Omoniya" klubu olacaq. Bu komandalar arasında ilk oyun avqustun 7-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. Cavab qarşılaşması isə bir həftə sonra səfərdə baş tutacaq.
Konfrans Liqası: "Araz-Naxçıvan" növbəti mərhələyə vəsiqə qazandı
