Yaradılan şərait idmançı yetişdirməyə imkan verir

Yaradılan şərait idmançı yetişdirməyə imkan verir

Stolüstü tennisə son illər ölkəmizdə maraq artmaqdadır. İdmanın bu növünə əvvəllər təkcə Bakı və Sumqayıtda maraq göstərilsə də, hazırda onun arealı genişlənir. Stolüstü tennisin son zamanlar inkişaf etdiyi bölgələrdən biri də Şabran rayonudur. Bu rayonun təmsilçiləri son illər iştirak etdikləri yarışlarda uğurlu nəticələrlə yadda qalıblar. Şabranda stolüstü tennis üçün əlverişli şərait olmasa da, bölgə təmsilçiləri müxtəlif turnirlərdə mükafatalayiq yerlər tuturlar. Təsadüfi deyil ki, Şabran rayonunun yetirmələri Nihad Məmmədov, Zöhrə Abdullayeva və Aliyə Haşımova yığma komandanın heyətinə cəlb olunublar. Əldə olunan bu uğurlu nəticələrdə məktəb rəhbərliyinin - təhsil ocağının direktoru Zeynal Zeynalovun da müstəsna xidmətləri var. Geridə qoyduğumuz 2013-cü tədris ilini Şabran Rayon Təhsil Şöbəsinin nəzdnindəki uşaq-gənclər idman məktəbinin stolüstü tennisçiləri üçün uğurlu hesab etmək olar.
Hər ay rayonun ümumtəhsil məktəb komandaları arasında UGİM-in açıq birinciliklərində, müxtəlif idman tədbiri və yarışlarında stolüstü tennis üzrə idmançılarımız fəal iştirak edərək, mükafatalayiq yerlər tuturlar. İdmançılarım keçirilən zona, respublika və digər turnirlərdə daim iştirak edir, mükafatçılar sırasında yer alırlar.

Ötən ilin aprel ayında Qusarda rayon respublika ümumtəhsil peşə şagirdlərinin VII spartakiadasının zona yarışı keçirilib. Aprelin 16-dan 19-dək keçirilən turnirdə oğlan və qızlardan ibarət komandamız I yeri tutub.
May ayında Bakı şəhərində keçirilən "Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyində Aliyə Haşımova turnirin qalibi adını qazanıb. Zeynəb Yaqubova II, Nihat Gənciyev isə III yerlə kifayətlənib.
May ayının 14-dən 21-dək keçirilən Bakı ümumtəhsil peşə şagirdlərinin VII spartakiadasının final yarışında qızlardan ibarət komandamız I yerə sahib çıxıb. Həmin yarışda iştirak edən oğlanlardan ibarət komandamız isə ikinci yerlə kifayətlənib.
Elə həmin ayın sonlarında yetirmələrim daha bir turnirdə iştiak ediblər. Mayın 27-dən 31-dək Göyçay rayonunda 2000-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında zona birinciliyində qızlardan ibarət komandamız fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Həmin yarışda iştirak edən oğlanlardan ibarət komandamız ikinci yerə sahib çıxıb.
Yetirmələrimdən Zeynəb Yaqubova və Aliyə Haşımova Oğuz rayonunda yığma komandanın tərkibində təlim-məşq toplanışında da iştirak ediblər. Noyabrın 10-12-də Bakıda respublika birinciliyi təşkil olunub. 2000-2002-ci illər təvəllüdlü idmançılar arasında keçirilən birincilikdə yetirməm Aliyə Haşımova rəqiblərini məğlub edərək bininci yerə layiq görülüb. Nihad Məmmədov və Zöhrə Abdullayeva isə II yerlə kifayətləniblər.
Uşaq-gənclər idman məktəbində keçirilən ilin idman nəticələrinin yekununa əsasən rayon üzrə yığma komandanın üzvü, 2002-ci il təvəllüdlü I dərəcəli idmançı Aliyə Haşımova "ilin ən yaxşı idmançısı” adına layiq görülüb. Bu yazının müəllifi isə "Ən yaxşı məşqçi-müəllim” nominasiyasının qalibi olub. Nominasiya qalibləri Təhsil Şöbəsinin diplom, kubok və hədiyyələri ilə təltif olunublar.

Zakir Cavadov,
Şabran rayon uşaq-gənclər idman
məktəbinin baş məşqçi-müəllimi