Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanan son dörd komandanın adına aydınlıq gələcək.
Olimpnews.az xəbər verir ki, günün ilk oyunu Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. "Qarabağ" klubu səfərdə 3:1 hesabı ilə məğlub etdiyi Macarıstanın "Ferentsvaroş" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Günün digər qarşılaşmaları isə saat 23:00-da start götürəcək. Portuqaliyanın "Benfika" klubu Türkiyənin "Fənərbağça" komandasını qonaq edəcək. Bu komandaların İstanbuldakı dueli qolsuz heç-heçə ilə yekunlaşmışdı. Belçikanın "Brügge" komandası isə ilk oyunda səfərdə 3:1 hesabı ilə məğlu etdiyi Şotlandiya "Reyncers"ini qəbul edəcək. Danimarka təmsilçisi "Kopenhagen" isə doğma azarkeşlər önündə İsveçrə "Bazel" komandasını qonaq edəcək. Bu komandaların İsveçrədəki ilk oyunu 1:1 hesabı ilə yekunlaşmışdı.
Qeyd edək ki, ötən gün "Kayrat" (Qazaxıstan), "Pafos" (Kipr) və "Budyo/Qlimt" (Norveç) klubları Liqa mərhələsinə vəsiqə əldə edib.