Yeniyetmə cüdoçularımız dünya çempionatında mübarizəyə başladılar

Yeniyetmə cüdoçularımız dünya çempionatında mübarizəyə başladılar

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında dünya çempionatına start verilib.

Olimpnews.az xəbər verir ki, 71 ölkədən 551 (294 oğlan, 257 qız) cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayırlar. İlk yarış günündə 3 çəki dərəcəsində 6 cüdoçumuz mübarizəyə başlayıb. Qızların yarışında -44 kq çəki dərəcəsində Gülşən Hüseynova və Xədicə Abdullayeva tatami üzərinə çıxıb. Oğlanların yarışında isə Rza Xəlilli, Anar Quliyev (hər ikisi -50 kq), Rəsul Əlizadə və Məhəmmədəli Hüsiyev (-55 kq) qüvvəsini sınayacaq.-44 kq çəki dərəcəsində qüvvəsini sınayan Xədicə Abdullayeva çempionata uğurla başlayıb. O, 1/16 finalda Aynara Seitjanova (Qazaxıstan) qalib gəlib. Digər təmsilçilərimizdən Rza Xəlilli 1/16 finalda bolqarıstanlı Tsvetelin Martinova məğlub olub. Rəsul Əlizadə isə eyni mərhələdə Badar-Uqan Badamdorjla (Monqolustan) uduzub. 

Qeyd edək ki, Anar Quliyev ilk mərhələdə Narek Davtyan (Ermənistan) və Dikqang Kvadibana (Botsvana) cütünün qalibi ilə üz-üzə gələcək. Məhəmmədəli Hüsiyev isə 1/16 finalda braziliyalı Viktor Uqo Silva ilə qarşılaşacaq. Xanım cüdoçumuz Gülşən Hüseynova isə 1/16 finalda Yana Pritulyakla münasibətlərinə aydınlıq gətirəcək. 

Qeyd edək ki, dünya çempionatında fərdi yarışlara avqustun 30-da ykun vurulacaq. Ertəsi gün isə cüdoçular qarışıq komanda yarışlarında mübarizə aparacaqlar.