Bu gün Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında keçirilən dünya çempionatında ikinci yarış gününə start veriləcək.
Olimpnews.az xəbər verir ki, ikinci yarış günündə üç çəki dərəcəsində daha beş cüdoçumuz tatami üzərinə çıxacaq. Qızların yarışında Leyla Ələkbərova, Nərmin Ağamirzəzadə (hər ikisi -48 kq), Asun Məmmədova (-52 kq), oğlanların mübarizəsində isə Röyal Qayıbov, Zeyd Ələsgərov (hər ikisi -60 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, komandamızın aktivində hazırda bir bürünc medal var. Yeganə medalı komandamıza -50 kq çəki dərəcəsində Anar Quliyev qazandırıb.
71 ölkədən 551 (294 oğlan, 257 qız) cüdoçunun mübarizə apardığı çempionatın fərdi yarışlarına avqustun 30-da yekun vurulacaq. Ertəsi gün isə cüdoçular qarışıq komanda yarışlarında mübarizə aparacaqlar.