Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Olimpnews.az xəbər verir ki, yarışların ikinci günündə komandamızın iki çəki dərəcəsində daha iki idmançısı tatami üzərinə çıxacaq. Təmsilçilərimizdən Əbil Yusubov (-73 kq) 1/16 finalda yunanıstanlı Georqios Kotsaxristosla qarşılaşacaq. -81 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Süleyman Şükürov isə 1/16 finalda serbiyalı Duşan Qraxovacla üz-üzə gələcək. Təsnifat görüşləri 12:30-dan, final bloku isə 17:30-dan etibarən başlayacaq.
Xatırladaq ki, ilk yarış günündən sonra millimizin aktivində 2 qızıl, 1 bürünc medal var. Nihad Məmişov (-60 kq) və Məhəmməd Musayev (-66 kq) qızıl, Nizami İmranov (-66 kq) isə bürünc medala sahib olub.
Qeyd edək ki, Avropa çempionatında 43 ölkədən 364 (199 oğlan, 165 qız) idmançı mübarizə aparır.