Argentina millisi futbol üzrə dünya çempionatının 2026-cı il üçün seçmə mərhələsi çərçivəsində Venesuela millisini qəbul edib.
Olimpnews.az xəbər verir ki, oyun son dünya çempionlarının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Argentina millisinin heyətində Lionel Messi (39, 80) və Lautaro Martinez (76) fərqlənib. Oyundan sonra Messi milli komandadakı karyerasını bititib-bitirməməsi sualına aydınlıq gətirib. “Futbolu oynamağı çox sevirəm. Bunun heç vaxt bitməsini istəmirəm. Amma həmin an gec-tez gələcək və futbolla vidalaşacağam. Həmişə dediyim kimi, hər şeyi addım-addım etmək, hər günü hiss edərək yaşamaq istəyirəm. Burada, futbolu bu şəkildə yekunlaşdırmaq həmişə arzuladığım bir şey idi. Uzun illər keçdi və biz hər oyundan zövq aldıq. Mən çox xoşbəxtəm. Skaloni ilə danışdım və biz qərara gəldik ki, bir qədər dincəlməliyəm və Ekvadora qarşı səfər matçına çıxmamalıyam. Dediyim kimi, zədəmi yeni sağaltmışam. Artıq yaxşı olsam da, həm səyahəti, həm də əlavə bir oyun keçirməyi riskə atmamaq üçün belə qərar verdik. Mən yaxşıca dincəlməli və qarşıdakı oyunlara düzgün şəkildə hazırlaşmalıyam”, - deyə Messi bildirib.