Fəridə Əzizova: “Komissiya sədri seçilmək mənim üçün həm sevinc, həm də böyük məsuliyyətdir”

Fəridə Əzizova: “Komissiya sədri seçilmək mənim üçün həm sevinc, həm də böyük məsuliyyətdir”

Azərbaycanın tanınmış taekvondoçusu, Avropa və dünya miqyaslı yarışların mükafatçısı Fəridə Əzizova Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının yeni sədri seçilib.
Keçmiş idmançı Olimpnews.az-a açıqlamasında bu seçimin onun üçün gözlənilməz olduğunu bildirib:
“Komissiya sədri seçilməyim məni çox sevindirdi. Mənə etimad göstərən hər kəsə minnətdarlığımı bildirirəm. Komissiya sədri seçilmək mənim üçün həm sevinc, həm də böyük məsuliyyətdir. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün komandamızla birgə əlimdən gələni edəcəyəm”.
Fəridə Əzizova yaxın vaxtlarda həyata keçiriləcək layihələr barədə də məlumat verib. Onun sözlərinə görə, cari ildə gənc idmançılar üçün “Etika və psixoloji bacarıqlar ilə güclü idmançı” adlı layihə həyata keçiriləcək. Layihə çərçivəsində gənclərə kamera qarşısında çıxış bacarığı, nitq mədəniyyəti, stressə davamlılıq, etik davranışlar və neyro-etika mövzularında təlimlər keçiriləcək.
“Layihənin əsas məqsədi idmançıların beynəlxalq arenada yalnız idman göstəriciləri ilə deyil, həm də davranış və natiqlik bacarıqları ilə fərqlənməsidir. Bundan əlavə noyabr ayında İngiltərənin paytaxtı Londonda Atletlər Komissiyasının beynəlxalq forumu keçiriləcək. Bu forumda ölkəmizi komissiyamızın digər üzvü, güləşçi Rafiq Hüseynov təmsil edəcək. Onun təcrübəsinə və peşəkarlığına güvənirik. İnanıram ki, o, bu forumda ölkəmizi layiqli şəkildə təmsil etməyi bacaracaq. Məqsəd həmin forumda yeni layihələrlə maraqlanıb, Azərbaycan Atletlər Komissiyasının gördüyü işlər barəsində digər Atletlər Komissiyasının sədrlərinə məlumat verməkdir”, - deyə Fəridə Əzizova bildirib. 
Yeni sədr əlavə edib ki, qarşıdakı yığıncaqlarda Komissiyanın tərkibinin genişləndirilməsi, sədr müavini və yeni üzvlərin seçilməsi də gündəlikdədir.