Azərbaycan idmanında yeni nəsil formalaşır və bu nəslin arasında gələcəyin çempionları kimi tanınan idmançılar yetişir. Onlardan biri də 2008-ci il təvəllüdlü gənc taekvondoçu Yunis Hüseynovdur. O, artıq yeniyetmə yaşında beynəlxalq arenada özünü qazandığı qələbələri ilə təsdiqləyib. Avropa klub çempionatı ilə yanaşı, dünya və qitə miqyaslı yarışlarda qazandığı uğurlar Yunisin qısa zamanda formalaşan idman yolunun göstəricisidir. Son illərdə ardıcıl qazanılan medallar, dünya və Avropa çempionatları, nüfuzlu beynəlxalq turnirlər, xüsusən də Skopyedə keçirilən XVIII Avropa Gənclər Olimpiya Festivalında əldə etdiyi bürünc medal onun istedadının və əzminin nəticəsidir.
Yunis Hüseynov idmana gəlişindən, qazandığı təcrübədən, çətinliklərdən və qarşıdakı planlarından danışdıq. Olimpnews.az həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Yunis, hər bir idmançının idmana gəlişinin özünəməxsus bir hekayəsi var. Sənin taekvondoda ilk addımların necə başladı, həmin günləri necə xatırlayırsan?
- 2008-ci il fevralın 22-də Bakı şəhərində anadan olmuşam. 249 saylı məktəbi bitirmişəm. Hazırda Azərbycan İdman İnstitutunun birinci kursunda təhsil alıram. Taekvondo ilə 6 yaşımdan məşğul oluram. Həmin vaxt atam məni bu idman növünə gətirmişdi. Əslində, həmin yaşda taekvondonun nə olduğunu tam başa düşmürdüm. Atam gəncliyində basketbolçu olub və mənim də hansısa idman növü ilə məşğul olmağımı istəyirdi. Taekvondo isə həm maraqlı, həm də kifayət qədər təhlükəsiz idman növüdür. Əlbəttə, idmanda zədə almamaq mümkün deyil, amma ayaqlarda, qollarda, dəbilqə və jiletimiz var. Yəqin ki, atamın məni bu idman növünə yazdırmaqda əsas səbəbi də məhz təhlükəsizliklə bağlı olub. Bu gün taekvondo həyatımın bir parçasıdır. Qubadakı ilk yarışımda ikinci yeri tutdum. Amma ilk dəfə dayanq üzərinə çıxmağımı, sona qədər mübarizə aparmağımı və məğlub olmağımı heç vaxt unuda bilmirəm. Həmin anlarda yaşadığım həyəcan və kədər karyeramın başlanğıcı oldu.
- Yeniyetmə yaşda belə böyük uğurlar qazanmaq asan deyil. Bu yolda qarşılaşdığın ən böyük çətinliklər nələr oldu?
- Həyatın hər sahəsində - idmanda, dərsdə, işdə çətinliklər olur və belə də olmalıdır, çünki çətinlik olmadan nəticə də mümkün deyil. Mənim üçün ən böyük sınaq özümlə, düşüncələrimlə mübarizə aparmaq və çəki salmağım oldu. Bəzən şübhələr yaranır - “bütün bunlar buna dəyərmi?” Amma həmişə bilirəm ki, hər çətinlikdən sonra rahatlıq gəlir və bu yolda təslim olmaq mümkün deyil.
- Taekvondo ilk dəfə festivalın proqramında təmsil olundu. Belə mötəbər yarışda bürünc medal qazanmaq sənə necə təsir etmişdi?
- Bu, sözlə ifadə edə bilməyəcəyim qədər xüsusi bir hiss idi. Təbii ki, bəzən kədərlənirəm, çünki festivalın çempionu da ola bilərdim. Amma hər məğlubiyyət məni daha da gücləndirir. Düşünürəm ki, bu nəticə mənim üçün öz üzərimdə daha çox çalışmaq, səhvlərimdən dərs çıxarmaq və növbəti yarışlarda çempion olmaq üçün böyük bir stimuldur.
- EYOF-2025-də qarşılaşdığın ən çətin rəqib kim oldu?
- Ən güclü rəqibim fransalı idmançı idi. Mübarizə çox çətin keçdi, amma təcrübəli məşqçilərimiz sayəsində qalib gəlmək üçün düzgün taktika qura bildik. Bu strategiyaya əməl edərək, məşqçilərimin dəstəyilə və öz səylərimizlə mübarizədən qalib ayrılıb, medal qazandım.
- Qarşıdakı planların nədən ibarətdir?
- Noyabr ayında İsveçrədə Avropa çempionatı keçiriləcək. Bu yarışla bağlı ciddi hədəflərim var. Bu dəfə Avropa çempionu olmaq üçün bütün gücümü ortaya qoymalıyam. Hazırda çox çalışıram, intensiv məşqlər edirəm, çünki vaxtımız azdır və onu boş yerə sərf etmək olmaz. Ümid edirəm ki, həm özüm, həm də komandamız birlikdə Avropa çempionu olacaq və bu uğurumuzla hər kəsi sevindirəcəyik.
Azər Əlizadə