Lənkəran şəhər Rasim Məmmədov adına 5 saylı tam ümumtəhsil məktəbində Vətən müharibəsi şəhidi Samir Allahverdiyevin adını daşıyacaq minifutbol meydançasının açılış mərasimi keçirilib.
Olimpnews.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Millət vəkili Fariz İsmayılzadə, Lənkəran şəhər təhsil sektorunun müdiri Ağamməd Şənmədov, şəhid ailələrinin üzvləri və ictimaiyyətin nümayəndələri iştirak etdikləri tədbir Dövlət Himninin səslənməsi ilə başlanıb.
Tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxış edərək deyib: "Vətən naminə canından keçən şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində dövlət səviyyəsində bütün zəruri addımlar atılır, onların ailələrinə olan diqqət və qayğı dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqətində və nəzarətindədir. Minifutbol meydançasının açılışına gəldikdə isə burada idmanla məşğul olacaq hər bir şagirdimizin Samirin milli komandamızın tərkibində oynamaqla bağlı yarımçıq qalan arzusunu həyata keçirməsi üçün əzmlə çalışacağına, bu məsuliyyəti dərk edəcəyinə tam inanıram".
Digər çıxış edənlər, Millət vəkili Fariz İsmayılzadə, Lənkəran şəhər təhsil sektorunun müdiri Ağamməd Şənmədov bildiriblər ki, ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan idman siyasəti onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Respublikamızın şəhər və rayonlarında yeni idman qurğuları tikilir, mövcud obyektlər əsaslı şəkildə təmir olunur. İstifadəyə verilən yeni mini futbol meydançası da gənc nəslin sağlam həyat tərzə və idmana olan sevgisinə daha da stimul verməklə, onun kimi vətənpərvər olacaqlar.
Şəhid atası Elçin Allahverdiyev öz növbəsində çıxışında şəhidlərlə bağlı görülən bütün işlərlə bağlı, eləcə onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılığını bildirib.
Sonda isə tədbir iştirakçıları Lənkəran şəhər Rasim Məmmədov adına 5 saylı tam ümumtəhsil məktəbində Zəfər muzeyində olublar.