Qazaxıstanın Aktau şəhərində keçirilən Açıq Asiya turnirinə yekun vurulub.
Olimpnews.az xəbər verir ki, 10 ölkədən 251 (159 kişi, 92 qadın) cüdoçunun iştirak etdiyi turnirdə Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Turnirə 25 (17 kişi, 8 qadın) cüdoçu ilə yollanan komandamızın heyətində 10 cüdoçumuz mükafatçılar sırasında yer alıb. Komandamızın heyətində Gültac Məmmədəliyeva (-52 kq), Tofiq Məmmədov (-60 kq) və Südabə Ağayeva (-70 kq) qızıl medala layiq görülüb. Ülviyyə Bayramova (-57 kq), Hüseyn Allahyarov (-60 kq), Aytac Qardaşxanlı (-70 kq) və Günel Həsənl (-78 kq) gümüş medala sahib çıxıb. Bürünc medalları isə komandamızın aktivinə Elşən Əsədov (-66 kq), İbrahim Əliyev (-73 kq) və Elmar Qasımov (-100 kq) yazdırıb.
Yekunda 3 qızıl, 4 gümüş və 3 bürünc olmaqla 10 medal qazanan Azərbaycan ümumi komanda hesabında üçüncü yeri tutub.