Cüdoçularımız U-23 Avropa çempionatında mübarizəyə başladılar 

Cüdoçularımız U-23 Avropa çempionatında mübarizəyə başladılar 

Bu gün Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatına start verilib.

Olimpnews.az xəbər verir ki, 37 ölkədən 308 cüdoçunun (172 kişi, 136 qadın) iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayırlar. 

Qitə yarışında ölkəmiz 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunur. Bu gün keçirilən yarışın ilk günündə 2 çəki dərəcəsində 3 cüdoçumuz - Murad Muradlı, Hüseyn Allahyarov (hər ikisi -60 kq) və İslam Rəhimov (-66 kq) tatami üzərinə çıxıb. -60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçilərimizdən Murad Muradlı 1/16 finalda almaniyalı Maksim Tarana məğlub olaraq mübarizəni dayandırıb. Eyni çəki dərəcəsində yarışan Hüseyn Allahyarov isə 1/16 finalda slovakiyalı Yozef Tomanekə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Çempionatda -66 kq çəki dərəcəsində qüvvəsini sınayan İslam Rəhimov isə 1/16 finalda Slovakiya təmsilçisi Roman Dekanı mübarizədən kənarlaşdırıb. 

Qeyd edək ki, turnirə noyabrın 1-də yekun vurulacaq.