Stolüstü tennisçilərin ölkə birinciliyi start götürdü

Stolüstü tennisçilərin ölkə birinciliyi start götürdü


Martın 13-də "Olimpik Star” İdman Əyləncə Kompleksində stolüstü tennis üzrə gənclər və yeniyetmələr arasında (1996-98, 99-cu illər təvəllüdlü və daha azyaşlılar) keçirilən Azərbaycan birinciliyinin açılış mərasimi oldu.
Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Stolüstü Tennis Federasiyasının baş katibi İbrahim Əfəndiyev iştirak etdilər. Mərasimi giriş sözü ilə açan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkə idmanının sürətlə inkişaf etdiyini bildirdi. O, ölkəmizdə müasir idman infrastrukturunun yaradıldığını, gənclərin idmana olan marağını və həvəsini artırmaq üçün davamlı olaraq tədbirlərin həyata keçirildiyini qeyd etdi. İsmayıl müəllim stolüstü tennis üzrə gənclər və yeniyetmələr arasında Azərbaycan birinciliyinin keçirilməsinin idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi üçün əhəmiyyətli turnir olduğunu vurğuladı.

Daha sonra Stolüstü Tennis Federasiyasının baş katibi İbrahim Əfəndiyev çıxış edərək yarışın keçirilməsi qaydaları barədə məlumat verərək, idmançılara uğurlar arzuladı.
Azərbaycan dövlət himninin səsləndirilməsindən sonra yarışlara start verildi.
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda Bakı və Sumqayıt şəhərlərinin komandaları ilə yanaşı, Gəncə, Şəki, Şabran, Qax, Gədəbəy, Samux, Salyan və Siyəzəndən olan komandalar da iştirak edirlər. Yarışlar Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına uyğun olaraq komanda, şəxsi, qoşa və qarışıq-qoşa dərəcələrində keçirilir. Turnirin ilk iki günündə idmançılar komanda yarışlarında bacarıqlarını nümayiş etdirəcəklər. Yarışın keçirilməsində əsas məqsəd iyul ayının 11-dən 20-dək İtaliyanın Riva-Del-Qarda şəhərində təşkil olunacaq gənclər və yeniyetmələr arasında Avropa birinciliyində iştirak edəcək idmançını müəyyən etməkdir.
Məlumat üçün qeyd edək ki, yarışlar martın 17-də başa çatacaq. Qaliblərə diplom və pul mükafatları təqdim olunacaq.