Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-Pri turnirinə yekun vurulub.
Olimpnews.az xəbər verir ki, 48 ölkədən 370 (210 kişi, 160 qadın) cüdoçunun iştirak etdiyi turnirdə Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Yarışda 15 (12 kişi, 3 qadın) cüdoçu ilə təmsil olunan komandamız turniri 1 qızıl, 2 bürünc medalla başa vurub. Qızıl medalı ölkəmizə +100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov qazandırıb. Cüdoçumuz finalda Niderland idmançısı Yur Spaykersi ipponla məğlub edib. Bürünc medallara isə Hüseyn Allahyarov (-60 kq) və Vüqar Talıbov (- 90 kq) sahib çıxıb.
Turniri 3 medalla başa vuran Azərbaycan millisi 48 ölkə arasında ümumi komanda hesabında beşinci, kişilərin mübarizəsində isə dördüncü yeri tutub.
Zaqreb Qran-prisi 3 medalla yadda qaldı


