Stolüstü tennis üzrə ölkə birinciliyi yekunlaşıb

Stolüstü tennis üzrə ölkə birinciliyi yekunlaşıb



Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə "Olimpik Star” İdman Əyləncə Kompleksində gənclər və yeniyetmələr (1996-98, 1999-cu il təvəllüdlü və daha azyaşlılar) arasında keçirilən stolüstü tennis üzrə Azərbaycan birinciliyi martın 17-də başa çatıb.
Martın 13-də start götürən respublika birinciliyində Bakı, Sumqayıt, Gəncə, Şəki, Qax, Gədəbəy, Samux, Salyan, Şabran və Siyəzəndən olan komandalar iştirak ediblər.
Yarış komanda, şəxsi, qoşa, qarışıq-qoşa dərəcələrdə beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilib. 1996-98-ci il təvəllüdlü qızlar arasında keçirilmiş komanda yarışlarında "Sumqayıt -1” komandası, oğlanların komanda yarışlarında "Bakı -1” komandası birinci yeri tutub.
1999-cu il təvəllüdlü və daha azyaşlı qızlar arasında keçirilən komanda yarışlarında yenə də "Sumqayıt-1” və "Bakı-1” komandaları rəqiblərindən üstün olublar.
1996-1998-ci il təvəllüdlülər arasında təşkil edilmiş qarışıq-qoşa yarışlarda Bakını təmsil edən Nurlan Həsənov və Məryəm İmanova I yerə layiq görülüblər.
Bakı təmsilçiləri Hilal Həsənov 1996-1998-ci il təvəllüdlü oğlanlar arasında keçirilmiş şəxsi yarışlarda, Məryəm İmanova isə qızlar arasında keçirilmiş şəxsi yarışlarda qalib gəliblər.
1996-1998-ci il təvəllüdlü oğlanlar arasında keçirilmiş qoşa yarışlarda Bakı nümayəndələri Hilal Həsənov və Sənan Əliyev, qızlar arasında keçirilmiş qoşa yarışlarda isə Məryəm İmanova (Bakı) və Şərmin Şirinova (Sumqayıt) I yeri tutublar.
1999-cu il və daha azyaşlı qızlar arasında keçirilmiş yarışlarda Sumqayıt idmançısı Dinarə Məmmədova və Nəzrin Əhmədova, oğlanlar arasında isə Yusif Qafarlı (Sumqayıt) və Vəzir Allahverdiyev (Sumqayıt) birinci olublar.
Sumqayıtı təmsil edən Yusif Qafarlı 1999-cu il və daha azyaşlı oğlanlar arasında keçirilmiş şəxsi yarışlarda, Dinarə Məmmədova isə qızlar arasında keçirilmiş şəxsi yarışlarda qalib gəliblər. Birinciliyin qaliblərinə Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Stolüstü Tennis Federasiyasının pul mükafatları təqdim olunub.