Lənkəranda II Həmrəylik Forumu keçirilib 

Lənkəranda II Həmrəylik Forumu keçirilib 

Lənkəran Şəhər Mədəniyyət Mərkəzində  ilin yekunlarına həsr olunmuş Region Gənclərinin və İdmançılarının II Həmrəylik Forumu keçirilib. 
Olimpnews.az xəbər verir ki, tədbirdə  Azərbaycan Respublikasının Milli Məclisinin  deputatı Fariz İsmayılzadə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, rayon icra başçılarının müavinləri, regional idarələrin rəhbərləri, rəsmi şəxslər, regionda yerləşən ali və orta ixtisas müəssisələrinin rəhbərləri, gənclər, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 
  Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub , Ümummilli Lider Heydər Əliyevin və  Vətən naminə canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. 
 Lənkəran ŞİH başçısı Taleh Qaraşov tədbiri açıb və deyib:-   Tədbirimiz  əlamətdar günə - dövlət başçısı cənab İlham Əliyevin doğum gününə təsadüf edir və bütün lənkəranlılar adından cənab Prezidentə möhkəm can sağlığı, şərəfli, çətin fəaliyyətində uğurlar arzulayıram. 
İcra başçısı bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” dünyanın hər yerində yaşayan  bütün azərbaycanlıları milli kimlik, ortaq dəyərlər, Vətən sevgisi və birlik ideyası ətrafında birləşdirir.  Bütün dünya məhz 44 günlük  haqq savaşımızda  bu birliyin əyani nümunəsinin şahidi olub. 
Taleh Qaraşov qeyd edib ki, bu gün gənc nəslin düzgün böyüməsi  ölkə siyasətində önəmli yer tutur və cənab Prezident İlham Əliyev,  Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən bu siyasətin nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.   Xalqımızın əldə etdiyi uğurlarda  onların  böyük əməyi  vardır.
 Lənkəranda  da gənclər və idmançılar öz bilik və bacarıqlarını, potensialını effektli  şəkildə  göstərir, eləcə  cəmiyyətdə layiqli yer tutması istiqamətində ardıcıl işlər görülür.  Sevindirici haldır ki,  rayonumuz  uzun illərdir ki, ölkəmizin idman həyatında da fəaldır və müxtəlif idman növləri üzrə yüksək nəticələr göstərən idmançılar yetişir. Rayonumuzun idmançıları respublika çempionatlarında, beynəlxalq turnirlərdə   ölkəmizi layiqincə təmsil edir, dövlət bayrağımızın ucaldılması üçün  öz töhfələrini verirlər.
 Digər çıxışçılar- Milli Məclisin deputatı Fariz İsmayılzadə,  LARGİİ rəisi Teymur Babazadə  region gənclərin və idmançıların dövlət başçısı tərəfindən onlara göstərilən xüsusi diqqət və qayğıya  yüksək dəyər verdiyini, Prezident İlham Əliyevin müəyyən etdiyi  strateji vəzifələrinin məsuliyyətini dərk etdiyini, bu vəzifələrin uğurla həyata keçirilməsi və  ölkəmizin dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesində hər zaman ön sıralarda olduğunu deyiblər.
Tədbirdə il boyu keçirilən  beynəlxalq yarışlarda nailiyyət qazanmış idmançılar Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi tərəfindən  fəxri fərman və təşəkkürnamələrə   layiq görülüblər.   
İlin yekunlarına dair video çarxın təqdimindən sonra isə  tədbir  bədii hissə ilə davam edib.