"Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında Respublika çempionatı davam edir. Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə razılaşdırılmış təqvim planına müvafiq olaraq təşkil olunan çempionatda badminton üzrə yarışlara yekun vurulub.
Oğlanlar arasında keçirilən yarışda 9 komanda qalib adı uğrunda mübarizə aparıb. Bakı Slavyan Universitetinin idman zalında keçirilən turnirdə Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandaları birinci yerə layiq görülüblər. Bakı Dövlət Universiteti ikinci, Azərbaycan Tibb Universiteti isə üçüncü yerlə kifayətlənib.
Qızların mübarizəsində isə Bakı Dövlət Universiteti və ADBTİA fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Naxçıvan Dövlət Universiteti və Milli Aviasiya Akademiyası isə müvafiq olaraq ikinci, üçüncü yerləri tutublar.
Məlumat üçün qeyd edək ki, universiadanın əsasnaməsində göstərildiyi kimi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman təhsil ocağı və idmançıların peşəkar olduğunu nəzərə alaraq, akademiyanın idmançısı qalib gəldiyi halda, 2, 3, 4-cü yerləri tutmuş komandalara, müvafiq olaraq, 1, 2, 3-cü yerlər verilir. Beləliklə, final mərhələsində iki komandaya 1-ci yer verilir.