“Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun Təşkilat Komitəsinin iclası olub

“Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun Təşkilat Komitəsinin iclası olub



"Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun Təşkilat Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyi, Nəqliyyat, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman, Daxili İşlər nazirliklərinin, Bakı şəhər Baş Polis, Dövlət Yol Polisi, "İçərişəhər” Dövlət tarixi-memarlıq qoruğu İdarələrinin, "Azəryolservis” ASC-nin, Bakı Sərnişin Nəqliyyat MMC-nin nümayəndələri, Bakı şəhərinin rayonlarının, Abşeron rayonunun, Sumqayıt şəhər İcra Hakimiyyətlərinin məsul vəzifəli şəxsləri iştirak ediblər.
İclası giriş sözü ilə açan Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti və turun təşkilat komitəsinin sədri Sahib Ələkbərov "Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turu barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyinə həsr olunan "Tour d’Azerbaidjan-2014” Beynəlxalq velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur. Mayın 7-də start götürəcək "Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turu 5 mərhələdə keçiriləcək. Bakı şəhərindən start götürən ilk mərhələ Sumqayıt şəhərində başa çatacaq, sonrakı mərhələdə isə Bakı şəhərini və 8 rayonu əhatə edəcək. 5 mərhələnin marşrutlarının ümumi uzunluğu 840 km-ə yaxındır.
Bildirilmişdir ki, ötən il keçirilmiş "Tour d’Azerbaidjan” yarışının yüksək səviyyədə təşkil olunduğunu nəzərə alan Beynəlxalq Velosipedçilər İttifaqı bu il yarışın statusunu bir qədər də yüksəltmiş və cari ildə yarış 2.1 kateqoriyasında keçiriləcəkdir. Əgər əvvəllər veloturda, əsasən, kontinental və yığma komandalar iştirak edirdisə, 2.1 formatında təşkil ediləcək yarışda pro-kontinental, kontinental və milli yığma komandalar mübarizə aparacaqlar.
Veloturda 22 ölkədən, o cümlədən Azərbaycan, ABŞ, İtaliya, Almaniya, Türkiyə, Rusiya, Avstriya, Hollandiya, Belçika, Çin, Danimarka, Avstraliya, Latviya, Ukrayna, Belarus, Qazaxıstan və digər xarici ölkələrdən 500 nəfərdən çox idmançının iştirakı gözlənilir. Veloturda "SynergyBakuCyclingProject” daxil olmaqla 25 komanda iştirak edəcəkdir. Komandalar arasında 8 profesional kontinental komanda, 16 kontinental komanda və bir milli komanda vardır.
İclasda veloturun Təşkilat Komitəsinin üzvü, Almaniyanın "FreundeEventagenturGMBH”şirkətinin rəhbəri Albrext Röder çıxış edərək turun marşrutları və texniki məsələləri barədə müfəssəl məlumat vermişdir. Sonra "Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun təşkilatı işləri barədə müvafiq dövlət qurumlarının və yerli icra orqanlarının məsul nümayəndələri ilə fikir mübadiləsi aparılmış, işlərin daha yüksək səviyyədə təşkili istiqamətində tədbirlər müzakirə edilmiş və müvafiq tapşırıqlar verilmişdir.
Qeyd etmək lazımdır ki, "Tour d’Azerbaidjan-2014” velosiped turunun bütün mərhələlərinin yerli və xarici kütləvi informasiya vasitələri, o cümlədən "Eurosport” televiziya kanalı ilə geniş işıqlandırılması nəzərdə tutulur. "Eurosport” televiziya kanalı hər mərhələdən sonra efirdə tur barədə yarım saatlıq proqram hazırlayacaq, son mərhələdən isə 1.5 saatlıq yayımla dünya ölkələrinə birbaşa yayımlanacaqdır.