Yaponiya Nazirlər Kabinetinin nəzdində olan Olimpiya Agentliyinin rəhbəri, Yaponiya baş nazirinin səhiyyə və idman məsələləri üzrə xüsusi müşaviri cənab Takeo Hiratanı ölkəmizdə üçgünlük səfərdədir.
Azərbaycan Milli Paralimpiya Komitəsindən olimpnews.az saytına daxil olan xəbərə görə, Takeo Hiratanı səfərinin birincı günündə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini, Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov, Milli Məclisin deputatı Rauf Əliyev və Milli Paralimpiya Komitəsinin heyəti ilə görüşüb.

Görüş zamanı cənab İlqar Rəhimov Milli Paralimpiya Komitəsinin yaranma tarixindən bu günə qədər ölkədə paralimpiya hərəkatının inkişafı və genişlənməsi, yeni idman növlərinin yaradılması, AMPK - nin nəzdində Uşaq Paralimpiya Komitəsinin təsis edilməsi, beynəlxalq idman yarışlarında İdmançıların əldə etdikləri nailiyyətlər, beynəlxalq əlaqələrin genişləndirilməsi, tərəfdaş təşkilatlarla əməkdaşlıq və paralimpiya dəyərlərinin əhaliyə çatdırılması məqsədi ilə görülmüş işlər və həyata keçirilmiş tədbirlər haqqında geniş məlumat verdi. İlqar Rəhimov qeyd etdi ki, bütün bu görülmüş işlər və əldə etdiyimiz nailiyyətlər ölkə başçısı, cənab Prezident İlham Əliyevin idmana və paralimpiya hərəkatına olan dəstək və qayğısının nəticəsidir.
Milli Məclisin deputatı Rauf Əliyev öz çıxışında ölkəmizdə Paralimpiya Hərəkatının inkişaf etdirilməsi, Azərbaycanda ölkə başçısı cənab İlham Əliyevin və Heyder Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın idmana, paralimpiya hərəkatına və uşaqlara göstərdikləri qayğının təzahürü olduğunu qeyd etdi: «Bu gün paralimpiyaçılar mötəbər yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırır və himnimizi səsləndirirlər. Əminəm ki, gələcəkdə daha yüksək nəticələr əldə edəcəyik».
Cənab Takeo Hiratanı Azərbaycana 3-cü dəfə səfər etdiyini və hər səfərində Azərbaycanın surətlə inkişaf etdiyini qeyd etdi. Azərbaycan Yaponiya arasında müxtəlif sahələrdə əməkdaşlıqdan qürur duyduğunu vurğulayan cənab Takeo Hiratanı, gələcəkdə idman sahəsində də olan münasibətlərin daha da genişləndiriləcəyini bildirdi.
2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək Paralimpiya oyunlarına hazırlıq mərhələsində, Azərbaycan milli paralimpiyaçılarını, başda ikiqat paralimpiya çempionu İlham Zəkiyev olmaqla, Yaponiyaya dəvət olunacaqlar. Həmin dəvətdə nəzərdə tutulub ki, Azərbaycan mədəniyyəti, tarixi və idmanı haqqında Yaponiya ictimaiyyətinə Azərbaycan Paralimpiyaçılarının simasında Azərbaycan haqqında geniş məlumat verilsin.
Milli Paralimpiya Komitəsi nəzdində Uşaq Paralimpiya Komitəsinin icraçı direktoru Kamal Məmmədov, Komitənin yaradılması sağlamlıq imkanları məhdud uşaqların idmanla məşğul olmaqla, ehtiyat idmançıları yetişdirməklə yanaşı cəmiyyətə inteqrasiyasına da güclü dəstək olacağını qeyd etdi və hal hazırda uşaqlardan formalaşmış komandalar haqqında məlumat verdi.
Görüşün sonunda cənab Takeo Hiratanı AMPK-nin prezindenti İlqar Rəhimov tərəfindən xüsusi xidmətlərinə və paralimpiyaçıların dostu olduğuna görə "Xüsusi Paralimpiya” medalı ilə təltif edildi.
Görüşdə həm də Milli Paralimpiya Komitəsinin vitse prezidenti Şaiq Həmidov, AMPK-nın baş katibi Afiq Suleymanov, Milli Paralimpiya Komandasının kapitanı İlham Zəkiyev və AMPK-nin məsul işçiləri iştirak etdilər.