Dünyanın ən güclü tennisçiləri Bakıda

Dünyanın ən güclü tennisçiləri Bakıda


Mayın 5-də Bakı Tennis Akademiyasında tennis üzrə yeniyetmələr arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Azərbaycan Tennis Federasiyası və Avropa Tennis Assosasiyasının təşəbbüsü ilə keçirilən turnirdə 14-16 yaşlı raket ustaları mübarizə aparacaqlar. Yarışın təşkilində əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək, tennis idman növünün kütləviliyini artırmaq və yığma komandanın heyətini müəyyənləşdirməkdən ibarətdir. 18 ölkənin mübarizə aparacağı yarışda Azərbaycan tennisçiləri ilə yanaşı, Türkiyə, Rusiya, ABŞ, İspaniya, İtaliya, Almaniya, Fransa, Portuqaliya, Avstriya, İsveç, Polşa və digər ölkələrin idmançıları da güclərini sınayacaqlar. Ölkəmiz bu turnirdə 14 idmançı ilə təmsil olunacaq. 14 yaşlı oğlanların mübarizəsində Rəsul Qocayev, Çingiz Bayquzin, Elşad Abbaslı, Anar Mehdiyev, Ruslan Cəfərov, Nurlan Aslanov, 16 yaşlıların mübarizəsində isə Ayxan Manaflı iştirak edəcək. 14 yaşlı qızlar arasında isə Vlada Aliyeva, Əminə Dik, Alina Qavriş, Umayra Həşimova, Fidanə Xəlilzadə, 16 yaşlıların mübarizəsində isə Günay Əmirova və Züleyxa Səfərova mübarizə aparacaqlar.
Məlumat üçün qeyd edək ki, beynəlxalq turnirə mayın 11-də yekun vurulacaq. Bu turnir başa çatdıqdan sonra tennisçilərimiz mayın 12-də start götürəcək «Paşa bank cup-2014» kubokunda iştirak edəcəklər. Mayın 18-dək davam edəcək kubok yarışları Bakı Tennis Akademiyasında keçiriləcək.