Əmrah Çəlikəl: “Kuboku Quzanlı sakinlərinə təhvil verəcəyik”

Əmrah Çəlikəl: “Kuboku Quzanlı sakinlərinə təhvil verəcəyik”

Topaz Premyer Liqası çərçivəsində "İnter”lə oyundan sonra "Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl "Olimpiya dünyası” qəzetinə müsahibə verdi. O, əldə olunan çempionluqla yanaşı, gələcək planlardan da danışdı.

- Əvvəlcə Topaz Premyer Liqasının XXXIV turunun "İnter” klubu ilə qarşılaşması haqqında fikirlərinizi bilmək istərdik.
- Çox zövqlü bir oyun idi. Əsas odur ki, biz "İnter” klubu ilə matçda qələbə qazandıq və çempion olduq. Bu, uzun illərdir gözlədiyimiz nəticə idi.

- "İnter” klubu hesab arasındakı fərqi minimuma endirərkən, sizdə oyunun heç-heçə başa çatacağına dair həyəcan var idi?
- Nəinki həmin vaxt, hətta hesabda 1:0 önə keçdikdən sonra da həyəcan keçirirdim. Çünki çoxlu qol vurmaq şanslarımız olsa da, bunlardan yararlana bilmirdik. Ancaq şükür Allaha ki, sonda sevinən tərəf biz olduq.

- Çempionluğu kimə həsr edirsiniz?
- Əlbəttə ki, klubumuzun prezidenti Abdulbari Gözələ.
- Siz paltardəyişmə otağına gedəndən sonra birdən-birə səs-küy gəldi. Deyəsən, mükafatın həcmini açıqladınız...
- Mənim elə bir səlahiyyətim yoxdur (gülür). Mən də komandanın bir üzvü kimi, baş məşqçi Qurban Qurbanova yardım edirəm. Bu məsələlərə prezidentimiz, vitse-prezidentimiz qərar verəcək.

- Amma yəqin ki, mükafat rekord məbləğdə olacaq...
- Məncə, "Qarabağ”ın çempionluğunun mənəvi dadını pulla ödəmək mümkün deyil.

- "Qarabağ”a gələndən bəri ilk çempionluğunuzu qazandınız. İlk çempionluğun hissləri necədir?
- Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Əlbəttə ki, biz adımıza, təmsil etdiyimiz "Azərsun Holdinq”ə layiq sevincimizi qeyd etməliyik. Biz bu çempionluğa həmişə böyük diqqət göstərəcəyik. Çempion olduq, amma əsas işimiz indi başlayır. Görək, biz Avropada, UEFA Çempionlar Liqasında neyləyəcəyik? Artıq biz bu haqda fikirləşməyə başlamışıq.

- Çempionluğu harda qeyd edəcəksiniz?
- İnşallah, Topaz Premyer Liqasının son oyunundan sonra klub rəhbərliyinin iştirakı ilə yaxşı bir məkanda çempionluğu qeyd edəcəyik. Hələ ki, məkanı fikirləşməmişik. Amma bunu gözəl bir şəkildə bayram edəcəyik.

- Çempionluq kubokunun Ağdama - Quzanlıya aparılması variantı da var?
- Mütləq. Çünki bu, Ağdamın kubokudur. "Qarabağ” Ağdamı təmsil edir. Biz vitse-prezidentimiz Tahir Gözəli gözləyirik. Bugünkü qalibiyyətimizin memarı Qurban müəllimdir. Amma sponsor kimi, Tahir bəyin də kubokun qazanılmasında Qurban müəllim qədər haqqı var. Onun böyük istəyidir ki, kuboku Ağdama aparaq. Biz kuboku ora aparıb Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədova təqdim edəcəyik. Bildiyiniz kimi, o, aprelin 16-da ölkə Prezidentinin sərəncamı ilə bu vəzifəyə təyin olunub. Onu həm də bu münasibətlə təbrik edəcəyik. Üstəlik, kuboku Quzanlı camaatına göstərəcək, sonra yenidən Bakıya gətirəcəyik.

- Ölkə xaricində çempion olan komandalar təmsil etdikləri şəhərdə kuboku avtobusda xalqın arasında gəzdirir. Sizin belə bir fikriniz yoxdur?
- Bu, gələcəyin işidir. Əlbəttə, bu gün biz bilirik ki, çempionuq. Amma çempionat hələ başa çatmayıb. Mövsümün sonunda hər şeyə aydınlıq gələcək.

- Bildiyimizə görə, "Qarabağ” klubunun Suraxanıda yeni bazasının inşası gedir. Hazırda orada hansı işlər yekunlaşıb?
- Təxminən 1 aya Suraxanıdakı bazamıza köçəcəyik. Hazırda stadionumuzda inşaat işləri getməkdədir. Tribunalara da əl gəzdiriləcək. İnşallah, bu mövsüm qismət olmasa da, yeni mövsümdən oyunlarımızı yenidən Suraxanıda keçirəcəyik.

- Əvvəlki mövsümlərdə bir neçə dəfə UEFA Avropa Liqasının pley-off mərhələsinə kimi irəliləmisiniz. Bu mövsüm azarkeşlər sizdən nə gözləyir?
- Əlbəttə, bizim həmişə hədəflərimiz qrup mərhələsi olub. Amma kimə uduzmuşuqsa, ya UEFA Avropa Liqasının qalibi olub, ya da həlledici mərhələlərədək irəliləyə bilib. Biz belə komandalarla mübarizədə uduzmuşuq. Əlbəttə, hədəflərimiz yüksəkdir. Biz bütün yarışlarda ən layiqli şəkildə çıxış etmək istəyirik.

- Reynaldoya hər hansı təklif gələrsə, bunu qəbul edəcəksiniz?
- Buna Reynaldo və bizlər qərar verəcəyik. Hazırda braziliyalı futbolçu komandada özünü xoşbəxt hiss edir və ona heç bir təklif gəlməyib. Əgər dəyərli təklif olsa, biz özümüz onu ora göndərəcəyik. Necə ki Vaqif Cavadovu Hollandiyanın "Tvente” klubuna apardıq.

Rahib Səmədov