Tennisçilərin birinci sınağı başa çatdı

Tennisçilərin birinci sınağı başa çatdı


Mayın 5-11-də Bakı Tennis Akademiyasında 14-16 yaşlı yeniyetmələr arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq reytinqli tennis turniri keçirilib. Ənənəvi turnirin keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək, tennis idman növünün kütləviliyini artırmaq və yığma komandanın heyətini müəyyənləşdirməkdən ibarət olub.
Azərbaycan Tennis Federasiyası və Avropa Tennis Assosiasiyasının təşəbbüsü ilə təşkil olunan yarışda 12 ölkədən 142 idmançı qalib adı uğrunda mübarizə aparıb.
Komandamız bu yarırşda 5-i oğlan, 5-i qız olmaqla 10 idmançı ilə təmsil olunub.
14 yaşınadək oğlanların mübarizəsində Qazaxıstan təmsilçisi Dostanbek Taşbulatov finalda komanda yoldaşı Pak Rodionu məğlub edərək birinci yerə layiq görülüb - 6:0, 6:2.
14 yaşınadək qızların yarışında isə Türkiyə idmançısı Zeynep Öztürk həlledici mərhələdə gürcüstanlı Anna Makatsarianı - 6:0 və 6:2 hemabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.

16 yaşınadək oğlanla arasında keçirlən yarışda Ukrayna idmançısı Anatoli Rainin bütün rəqiblərini üstələyib. İkinci yerə isə gürcüstanlı raket ustası Nikolas Davlianidze tutub.
Yaşı 16-dək olan zəriflərin mübarizəsində Saşa Zulin birinci yerə sahib çıxıb. Maria Solnuşkina isə yarışları ikinci pillədə başa vurub.
14 yaşınadək oğlanlar arasında keçirilən qoşa yarışlarda Pak Rodion və Dostanbek Taşbulatov cütlüyü rəqiblərinə şans verməyib. İkinci yerin sahibi isə Alyoşa Uşakov və Teodors Pukşe cütlüyü olub.
14 yaşınadək qızların qoşa yarışlarında Milana Semenova və Arina Solomantina cütlüyü finalda Lana Kentçiaşvili və Ksenia Mixaylova cütlüyünü məğlub edərək yarışların qalibi adını qazanıb - 6:2, 6:3.
16 yaşınadək oğlanlar arasında keçirilən qoşa yarışlarda Nicat İbrahimov və Mark Sekamov cütlüyü bütün rəqiblərindən üstün olub. İkinci yerdə isə Cambulat Cantiev və Pavel Karpuşkin cütlüyü qərərlaşıb.
16 yaşlı qızların qoşa yarışında Tomris Koşmukanov və Aynur Suleymenova cütlüyü birinci yerə layiq görülüb. İrina Babkova və Mariya Solnuşkina cütlüyü ikinci yerlə kifayətlənib.
Qalib idmançılar kuboklarla təltif olunublar.
Məlumat üçün qeyd edək ki, bu turnir başa çatdıqdan sonra mayın 12-də "Paşa bank cup-2014” kuboku start götürüb. Mayın 18-dək davam edəcək kubok yarışları Bakı Tennis Akademiyasında keçirilir.