Stolüstü tennisçilər “TOP-12” respublika turnirində güclərini sınadılar

Stolüstü tennisçilər “TOP-12” respublika turnirində güclərini sınadılar

Mayın 8-9-da "Olimpik Star” İdman-Əyləncə Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə stolüstü tennis üzrə "TOP-12” turniri keçirilib.
Stolüstü Tennis Federasiyasının rəsmiləri və turnir iştirakçıları mayın 7-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, abidələri önünə çiçək dəstələri düzüblər.

Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 12 qadın və 12 kişi tennisçi dairəvi sistem üzrə qalib adı uğrunda mübarizə aparıblar.
Yarışlar şəxsi dərəcədə və beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilib.
Turnirdə Bakının "Neftçi” İC, "Təhsil” RİM, "Aztelekom” İB, Bakı Tennis Məktəbi, Qaradağ Uşaq və Gənclər İnkişaf Mərkəzinin (UGİM) idmançıları ilə yanaşı, Sumqayıt şəhəri UGİM-in, "Təhsil” Resurs və İnkişaf Mərkəzinin filialının tennisçiləri də iştirak ediblər.
Kişilər arasında keçirilən yarışlarda Fərhad İsmayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ramil Cəfərov ikinci, Rüstəm Əliyev isə üçüncü yerə çıxıb. Qadınların mübarizəsində isə milli komandamızın legioneri Cou Çui birinci yerə layiq görülüb. Rüfət Quliyeva və Məryəm İmanova isə müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.
Qaliblər kubok, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Turnirin bağlanış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanda stolüstü tennisə böyük maraq olduğunu qeyd edib. İdmanın inkişafı üçün görülən işlərdən danışan İsmayıl müəllim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın sürətli yüksəlişdə olduğunu, respublikamızda müasir idman infrastrukturunun yaradıldığını bildirib. Gənclərin idmana olan marağını və həvəsini artırmaq üçün davamlı olaraq bu cür tədbirlərin keçirildiyini söyləyən İsmayıl İsmaylov yarış iştirakçılarına uğurlar arzulayıb.

Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təşkil olunmuş yarışda qalib gələn idmançıları təbrik edib. Azərbaycanda uğurlu idman siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran Fazil müəllim hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd edib.