Bakı Tennis Akademiyasında tennis festivalı təşkil olundu

Bakı Tennis Akademiyasında tennis festivalı təşkil olundu


İyunun 2-də Bakı Tennis Akademiyasında Ümumdünya Səhiyə Təşkilatının "Siqaretə yox deyək” və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü devizi altında tennis festivalı keçirildi. Yarış Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi İdman Mərkəzinin və 7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Tennis İdman Məktəbinin təşkilatçılığı ilə keçirilirdi. Tədbirdə Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi İdman Mərkəzinin direktoru Qiyas Nəcəfov, Respublika Təhsil Nazirliyinin məsul işçisi Arzu Qarayev, 7 saylı İOEUGTİM-in təlimatçı-metodisti Rəhman Bağırov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər. Natiqlər çıxışlarında ölkəmizdə digər sahələrdə olduğu kimi, idmanın da yüksələn xətlə inkişaf etdiyinin bildirdilər. Sonra 2013-2014-cü tədris ilində tennis idman növündə yüksək nəticələr qazanan Rəsul Qocayev, Elşən Abbaslı, Tamerlan Əzizov, Arif Bədirov, Əminə Dik, Züleyxa Səfərova, Alina Qavriş, Umayra Həşimova və digər idmançılar kubokla təltif olundular. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra tennis festivalı açıq elan olundu.
5-16 yaşınadək olan tennisçilərin mübarizəsində 120-dən çox idmançı qüvvəsini sınadı. 5-8 yaşlı idmançılar estafet, böyüklər isə açıq kortlarda məharətlərini nümayiş etdirdilər. Qaliblər kubok, medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.