“Tour of İran” başa çatdı

“Tour of İran” başa çatdı

İran İslam Respublikasında təşkil edilən ənənəvi "Tour of İran” veloyürüşü başa çatıb. Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı 6 mərhələli yarışında Azərbaycan yığma komandasının 6 üzvü də mübarizə aparıb. Velosipedçilərimizdən ən yüksək nəticə Elçin Əsədova məxsusdur - "Synergy Baku” kontinental komandasının da şərəfini qoruyan Elçin 6 mərhələnin yekununa əsasən 100 iştirakçı arasında 24-cü yeri tutub.
Qeyd edək ki, "Tour of İran” veloyürüşündə ümumilikdə 18 yığma və klub komandası iştirak edib.



*      *      *

Ölkəmizin şose velosipedi üzrə gənclərdən ibarət yığma komandasının 5 üzvü iyunun 20-22-də Almaniyanın Karlsberq şəhərində keçirilən turnirdə iştirak edib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvim planında "Millətlər Kuboku” adı altında yer alan yarışın 2-ci mərhələsi kimi xarakterizə olunan və "Trofeo Karlsberg” adlanan yürüşdə idmançılarımız ümumilikdə 286 km məsafə qət ediblər.
Yarışın 98.6 km-lik 1-ci mərhələsində idmançılarımızdan Elgün Əlizadə starta çıxan 107 iştirakçı arasında 17-ci nəticə göstərib. 79 km-dən ibarət olan 2-ci mərhələdə Elgün nəticəsini bir qədər də yaxşılaşdıraraq finişi 16-cı keçib. Ən nəhayət, sonuncu yarış günü iştirakçılar çətin yollarla 100 km məsafə qət ediblər ki, burada da yığma komanda üzvlərimizdən mərhələni ən tez başa vuran Elgün Əlizadə olub.

Beləliklə, 3 mərhələnin yekununa əsasən, yarışın qalibinə 6 dəqiqə, 32 saniyə uduzan Elgün Əlizadə 107 velosipedçi arasında 45-ci yeri tutub. Qeyd edək ki, gənc velosipedçilərimiz aprelin sonlarında Xorvatiyada "Millətlər Kuboku” turnirinin 1-ci mərhələsi olan və "Trofeo Karlsberg”ə nisbətən asan marşrutları ilə xarakterizə edilən "Tour of İstria” yarışında da iştirak etmişdilər. Bu turnirdə də idmançılarımızdan ən yüksək nəticəyə Elgün Əlizadə imza atmış və yarışın qalibindən 36 saniyə geri qalmaqla 28-ci olmuşdu.

*      *      *
Bir neçə gün əvvəl Çexiyanın Brno şəhərində velosiped idmanının trek növü üzrə keçirilən "GP Sprint of South Moravia” kubokunda həm sprint, həm də keyrin yarışlarında qalib gələn yığma komandamızın velosipedçisi Olqa İsmayılova bu dəfə birinci kateqoriyalı "Cottbuser Sprinter Cup”da dünyanın ən güclü velosipedçiləri ilə mübarizə aparıb. O, 500 metr məsafəyə sprint yarışında və keyrində ilk onluğa düşməyi bacarıb. Qeyd edək ki, Rusiya, Almaniya, Böyük Britaniya, Belçika, Fransa, Çin kimi ölkələrin əsas heyətlə qatıldığı yarışda Olimpiya çempionu, almaniyalı Kristina Vogel, həmçinin son dünya çempionatının qalib və medalçıları da iştirak ediblər.

Trek üzrə yığma komandamızın gənc velosipedçisi Nicat Niftəliyev isə yeniyetmələr arasında 200 metr məsafəyə sprint yarışında uğurla çıxış edərək ümumi nəticədə 10-cu yeri tutub. Digər velosipedçimiz Sergey Omelçenkoya gəlincə, o, keyrin üzrə yarışlarda 1/4 final mərhələsinədək irəliləyib və 58 velosipedçi arasında 17-ci olub.
Diqqət çəkən daha bir məqam son yarışlarda uğurla çıxış edən və heyəti Elmar İsmayılov, Nicat Niftəliyev və Maksim Buşmindən ibarət olan skretç üzrə kişilərdən ibarət yığma komandamızın Dünya kubokuna vəsiqə qazanmasıdır. Bir neçə mərhələdən ibarət olan Dünya kuboku yarışları dünya çempionatında iştirak üçün tramplin rolunu oynayır.