Pəhləvanlarımız qitə birinciliyini 10 medalla başa vurdular

Pəhləvanlarımız qitə birinciliyini 10 medalla başa vurdular 

Gündəm

Bugün, 09:27

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U15 Avropa birinciliyinə yekun vurulub.
Olimpnews.az xəbər verir ki, güləşin hər üç növündə mübarizə aparan Azərbayan idmançıları yarışda ümumilikdə 5 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar.
Mübarizəyə ilk olaraq klassiklərimiz başlayıblar. Böyük məşqçi Taleh Məmmədov, məşqçilər İlham Vezirov, Azad Əliyev və Fuad Aydınlının rəhbərliyi altında komandamızın 10 üzvü xalça üzərinə çıxıb. Təmsilçilərimiz yarışı 2 qızıl medalla başa vurublar. Güləşçilərimizdən Hüseyn Əmrahlı (38 kq) finalda estoniyalı Daniel Samuelə tam üstünlüklə (9:0) qalib gələrək Avropa çempionu olub. Digər güləşçimiz Paşa Aslan (44 kq) isə həlledici görüşdə ermənistanlı Paşa Xudoyanı 4:1 hesabıyla üstələyərək qitənin ən güclüsü adına sahib çıxıb.
Qızların yarışında böyük məşqçi Mariya Stadnik, məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında 10 idmançı xalça üzərinə çıxıb. Komandamız yarışı 1 qızıl və 1 bürünc medalla tamamlayıb. Ülviyyə Musayeva (33 kq) finalda türkiyəli Yamur Minaza tam üstünlüklə (11:0) qalib gələrək Avropa çempionu olub. O, bu qələbə ilə Azərbaycan qadın güləşində U15 yaş qrupu üzrə Avropa çempionu olan ilk idmançı kimi tarixə düşüb. Mədinə Kərimova (46 kq) isə təsəlliverici görüşdə rusiyalı Şanka Malçinovaya 5:2 hesabıyla qalib gəlib. Təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada isə türkiyəli Karin Güleri “tuş”la üstələyərək bürünc medala sahib çıxıb.
Yarışda son olaraq sərbəst güləşçilər mübarizəyə başlayıblar. Böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyev, Xəqan Süleymanov və Emin Əzizovun rəhbərliyi altında qitə birinciliyində 10 güləşçimiz qüvvəsini sınayıb. Komandamız uğurlu çıxışla yadda qalıb. 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan yığmamız 122 xal toplayaraq komanda hesabında Rusiya (167) və Gürcüstandan (165) sonra üçüncü yeri tutub. Millimiz medalların əyarına görə isə yalnız Rusiyadan geri qalıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR