Hokkeyçilərimiz Avropa çempionatında ikinci yeri tutdular

Hokkeyçilərimiz Avropa çempionatında ikinci yeri tutdular



"Əsas məqsədimiz yerli idmançılara üstünlük verməkdir”

Buyaxınlarda Litvanın paytaxtı Vilnüs şəhərində 16 yaşınadək oğlanların otüstü hokkey üzrə Avropa çempionatı keçirilib. Qitə birinciliyində ölkəmizi təmsil edən Azərbaycan yığma komandası qrup mərhələsində Cəbəllütariq və Ermənistan millilərinə qalib gələrək maksimum nəticə göstərib. Komandamız qrup qalibi olmaqla yanaşı, növbəti mövsümdə qitənin ən güclüləri ilə birgə mübarizə aparmaq hüququ da qazanıb.
A qrupunda III nəticə göstərən Litva və B qrupunda II yeri tutan Cəbəllütariq hokkeyçilərinin qarşılaşmasında meydan sahibləri 0:2 hesabı ilə məğlub olublar. A qrupunda 2-ci yer uğrunda mübarizədə Bolqarıstan yığması ermənistanlı rəqiblərinə böyük hesablı məğlubiyyət acısı yaşadıblar - 13:0. Qrup lideri kimi finala yüksələn Azərbaycan hokkeyçiləri isə bu mərhələdə İsveçrə idmançılarına 8:4 hesabı ilə məğlub olaraq ikinci yerə layiq görülüblər.
Beləliklə, İsveçrə millisi turnirdə birinci, Azərbaycan ikinci, Bolqarıstan komadası isə üçüncü yeri tutub. Qaliblər kubok və medallarla mükafatlandırılıblar. Sevindiricidir ki, komandamızın yarımmüdafiəçisi Mehman Nuriyev turnirin "ən yaxşı oyunçusu” adına layiq görülüb.
Otüstü hokkeyçilərimiz Vilnüsdən qayıtdıqdan sonra Respublikanın Əməkdar məşqçisi Ramiz Əliyevlə görüşdük. Müsahibimiz bizi maraqlandıran suallara və komandamızın qazandığı qələbəyə münasibətini bildirdi.



- Ramiz müəllim, komandamızın Vilnüsdə gümüş medal qazanması münasibəti ilə sizi təbrik edirik. Necə düşünürsünüz, bu nəticə yığmamız üçün çətin başa gəlmədi ki?

- Bildiyiniz kimi, iyulun 10-13-də Litvanın Vilnüs şəhərində 16 yaşlılardan ibarət komandamız Avropa birinciliyində iştirak etdi. Komandamız bu yarışda çıxış etmək üçün təxminən 7-8 ay vaxt sərf etmişdi. Bu hazırlıq nəticəsində və ötən il keçirilən Azərbaycan birinciliyinin iştirakçıları arasından 25 nəfər yeniyetmə idmançı seçmişdik. Bu yeniyetmə idmançıların məşqləri federasiya tərəfindən təşkil olunmuşdu. Məşqə cəlb edilən uşaqların əksəriyyəti Bakı, Sumqayıt və Qusar rayonunu təmsil edən hokkeyçilər idi. Yarışdan əvvəl keçirilən təlim-məşq toplanışında 16 oyunçuya üstünlük verildi. Məşqlərimiz həftədə 2-3 dəfə olmaqla keçirilirdi. Təbii ki, istənilən uğurlu nəticəni qazanmaq heç də asan başa gəlmir. Bu uğur üçün idmançılarımız Vilnüsdə çox əmək sərf etdilər. Bunun məntiqi nəticəsi olaraq təmsilçilərimiz gümüş medala sahib çıxdılar.

- Komandamızın Vilnüsdəki çıxışını, bir mütəxəssis kimi, necə dəyərləndirirsiniz?

- İyulun 8-də komandamız Litvanın Vilnüs şəhərinə yola düşdü. İdmançılarımız yarışa yüksək əhval-ruhiyədə yollanmışdılar. Komandamız iyulun 10-da ilk oyununu Cəbəllütariq komandasına qarşı keçirdi. Bildiyiniz kimi otüstü hokkeydə İspaniya idmançıları öz dəsti-xətti ilə seçilirlər. Onlar əsasən yüksək dəstədə çıxış edirlər. Cəbəllütariqlilər İspan mənşəli olduğu üçün onlarla ilk oyun çətin keçdi. Onu da qeyd edim ki, biz bu komanday ilə ilk dəfə qarşılaşmırdıq. Biz onlarla daha əvvəllər də mübarizə aparmışıq. Oyunda ilk qolu komandamız vurdu. Fuad Əsgərov hesabı açsa da, rəqib komanda ardıcıl iki top vuraraq hesabda irəli keçdi. Lakin oyunun sonlarına yaxın Cəbəllütariq komandasının qapısına iki dəfə yol tapdıq. Beləliklə. komandamız ilk görüşdə Cəbəllütariq komandasına 3:2 hesabı ilə qalib gəldi. Növbəti görüşümüzü Ermənistan millisi ilə keçirdik. Biz onların bu oyuna yüksək əhval- ruhiyə ilə gələcəyini düşünsək də, tam əksinə oldu. Onlar bu görüşdə 12 idmançı ilə təmsil olunurdular. Lakin yarışda iştirak edən komandanın ümumi sayı 16 nəfər olmalı idi. Onların bu yarışda əsas məqsədi bizə qalib gəlmək olsa da arzularını reallaşdıra bilmədilər. Görüşün ikinci dəqiqəsində komandamızın üzvü Fuad Əsgərov hesabı açıdı. Bu qoldan bir dəqiqə sonra Sərkan Sağdiç ikinci topu ermənilərin qapısından keçirdi. Erkən vurulan bu iki qol komandada yüksək motivasiya yaratdı. Görüşdən əvvəl komandamız bu oyunda da qalib gəlməyi qarşısına məqsəd qoymuşdu. Birinci hissənin sonlarına yaxın ermənilər hesab arasındakı fərqi minimuma endirməyə müvəffəq oldular. Lakin fasilədən sonra komandamız daha iki dəfə fərqlənməklə 4:1 hesablı qələbə qazandı. Beləliklə, ardıcıl iki qələbə qazanan yığmamız finala yüksəldi. Həlledici mərhələdə rəqibimiz İsveçrə komandası oldu. Oyunun ilk dəqiqələrindən təşəbbüsə sahib olan hokkeyçilərimiz 2 dəfə hesabı açmaq üçün real şansı əldən verdilər. Hər 2 halda Sərkan Sağdiç təkbətək vəziyyətləri dəyərləndirə bilmədi. Buraxılan bu imkandan sonra 10-cu dəqiqədə İsveçrə hokkeyçiləri hesabı açdılar. 31-ci dəqiqədə Elxan Hüseynzadə cavab qolu vurdu. 


Lakin 1 dəqiqədən sonra rəqiblər hakimlərin köməyi sayəsində qazandıqları penalti zərbəsi ilə yenidən hesabda irəli çıxdılar. Komandalar fasiləyə elə 2:1 hesabı ilə yollandılar. İkinci hissənin əvvvəllərində isveçrəlilər 3-cü topu da vurmağa müvəffəq oldular. Ancaq hokkeyçilərimizin ruh yüksəkliyi ilə oynaması 42-ci dəqiqədə Fuad Əsgərovun hesab arasındakı fərqi minimuma endirməsinə şərait yaratdı. 49-cu dəqiqədə komandamızın kapitanı Kamran Əliyevin vurduğu qol hesabda tarazlığı yaratdı. Bundan sonra isveçrəlilər Polşa və litvalı hakimlərin köməyi ilə hesabda 2 top fərqilə irəli çıxdılar. Qalan vaxt ərzində İsveçrə hokkeyçiləri daha 3 dəfə fərqlənərək 8:4 hesablı qələbə qazandılar. Lakin bu məğlubiyyət bizim yüksək liqaya çıxmağımıza mane olmadı. Onu da qeyd edim ki, bu yarışda iki komanda yüksək liqaya vəsiqə qazandı. 2016-cı ildə 16 yaşlılardan ibarət yığma komandamız yüksək dəstədə Avropanın ən güclü komandaları ilə bir sırada oynayacaqlar.

- Yəqin ki komandanın heyəti yerli idmançılardan təşkil olunub ...

- Bəli. Yığmamızın heyətində yer alan bütün idmançılar, demək olar ki, yerli hokkeyçilərdir. Burada Sumqayıt, Binə, "Təhsil” İdman Mərkəzini və Qusar şəhərini təmsil edən yeniyetmə idmançılar komandanın uğurları üçün əllərindən gələni edirlər. Biz onlara gələcək yarışlarda çox güvənirik. İnanıram ki, hələ bu idmançıların gərgin məşqləri sayəsində böyük uğurlar qazanacağıq.




- Ramiz müəllim, maraqlıdır, bəs yuxarı liqaya namizəd olan idmançılar varmı?

- Komandamızın heyətindən hələ ki, yuxarı liqaya 14 yaşlı İsmayıl İsmayılovu əsas namizəd kimi göstərmək olar. Qarşıdakı aylarda respulika birincikləri və festivallar keçiriləcək. Bu yarışlarda 2000-2002-ci illər təvəllüdlü 30-a yaxın güclü komanda iştirak edəcək. Bu turnirlərdə fərqlənən ən güclü idmançılar seçiləcək, yüksək dəstəyə hazırlaşdırılacaq. Qeyd edim ki, 2016-cı ildə keçiriləcək yuxarı liqa oyunlarına 30-a yaxın idmançının seçilməsi nəzərdə tutulur. Buna görə də, indidən bu idmançılarla hazırlıq işləri aparılır.

- Necə düşünürsüz, Azərbaycan otüstü hokkeyinə legioner idmançı lazımdırmı?

- Bu suala cavab verməzdən əvvəl onu qeyd edim ki, 21 yaşlılardan ibarət yığma komandamız Çexiyaya yola düşəcək. Yığma komandamız Çexiyada ayın 20-də start götürəcək Avropa çempionatında iştrak edəcək. Ümumiyyətlə, otüstü hokkeydə 21 yaşlıların qrupunda da legioner idmançı yoxdur. Əsas yığma komandanın heyətində legioner idmaçınlar olsa da, digər yaş qruplarında belə oyunçular demək olar ki, yoxdur. Yəni bizim əsas məqsədimiz yerli idmaçınlara üstünlük verməkdir. Söhbətimizin əvvəlində də qeyd etdiyim kimi, yarışlarda Bakı, Sumqayıt və Qusardan olan idmançıların xidmətlərindən istifadə edirik. Onu da deyim ki, bu uşaların əksəriyyəti yığma komandanın heyətində çıxış edirlər.
Anar Əhmədov,
Azər Əlizadə