«Baku Cup-2014» turnirində mübarizə davam edir

«Baku Cup-2014» turnirində mübarizə davam edir


WTA Tour-un (Qadınların Tennis Assosiasiyası) rəhbərliyi ilə keçirilən yarışda 32 yüksək reytinqli tennisçi mübarizə aparır. Turnirin ümumi mükafat fondu 250 min ABŞ dollarıdır.
Bakı Tennis Akademiyasının kortlarında təşkil olunan yarışlarda artıq bir sıra görüşlər keçirilib.
Turnirin ilk mərhələsində (qualfying) ukraynalı tennisçilər - Katerina Kozlova və Olqa Savçukun mübarizə aparıblar. Dünya reytinqində 217-ci yerdə olan 30 yaşlı təcrübəli tennisçi Olqa Savçuk reytinqdə 128-ci olan rəqibini 2:0 (6:2, 6:0) hesabı ilə məğlub edib. Qeyd edək ki, Savçukun növbəti mərhələdəki rəqibi rusiyalı Kseniya Pervak olacaq. Bu görüşün qalibi əsas mərhələdə iştirak etmək hüququ qazanacaq.
3-cü kortda rusiyalı iki tennisçi - Yelizaveta Kuliçkova və Kseniya Pervak münasibətlərinə aydınlıq gətiriblər. Kuliçkova qarşısında üstün oyun nümayiş etdirən 23 yaşlı Pervak 2:0 hesablı qələbə qazanıb (6:4, 6:3). Bu oyunla paralel mərkəzi kortda serbiyalı Yovana Yakşiçvə rumıniyalı Raluka Olaru qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən yarışın ilk setində rəqiblər ehtiyatlı oyuna üstünlük veriblər. 1 saat 24 dəqiqə davam edən ilk setdə bir ara hesabda 2:5 geri olan Yakşiç sonradan əzmkar oyunla hesabı öz lehinə çevirməyi bacarıb. Tay-brekə qədər uzanan ilk seti Yakşiç sonda 7:6 öndə bitirib. İkinci setdə rəqibinin zəif nöqtələrindən ustalıqla istifadə edən serbiyalı tennisçi əvvəlki setə nisbətən rahat qələbə qazanıb. İkinci seti 6:1, ümumilikdə matçı isə 2:0 öz xeyrinə tamamlayan Yovana Yakşiç adını 2-ci tura yazdırıb.
«Baku Cup 2014»ün ən gənc tennisçilərindən olan 14 yaşlı azərbaycanlı tennisçi Züleyxa Səfərova mərkəzi kortda Belarus təmsilçisi Aliaksandra Sasnoviçlə qarşılaşıb. Bu Züleyxa Səfərovanın WTA seriyalı turnirlərdə ilk iştirakı olub. O turnir təşkilatçıları tərəfindən xüsusi dəvət (wild card) sayəsində yarışlara qoşulub. Gənc tennisçi dünya reytinqində 136-cı pillədə olan 20 yaşlı rəqibinə qarşı ciddi müqavimət göstərə bilməyib. Ümumi hesabda 0:2 (2:6, 1:6) hesabları ilə uduzan Züleyxa «Baku Cup 2014» mübarizəsini dayandırıb. Məlumat üçün qeyd edək ki, tennisçimizin rəqibi Sasnoviç seçmə mərhələnin növbəti turunda özbəkistanlı Niqina Abdurraimova ilə qarşılaşacaq. Bu oyunun qalibi isə əsas mərhələdə iştirak etmək hüququ əldə edəcək.
3-cü kortda çexiyalı Katerina Sinyakova ilə fransalı tennisçi Amandin Hesse qarşılaşıb. İlk setdə rəqibinə 3:6 hesabı ilə uduzan Hesse sonradan özünə gəlib və oyunda dönüş yarada bilib. Növbəti iki seti 6:4 və 6:1 öndə bitirən Hesse görüşdən 2-1 hesabı ilə qalib ayrılıb və adını növbəti tura yazdırıb. Özbəkistanlı tennisçi Niqina Abduraimova da adını növbəti mərhələyə yazdıranlar sırasında olub. Dünya reytinqində 193-cü olan 19 yaşlı özbək tennisçi reytinqdə 1265-ci olan 18 yaşlı gürcüstanlı rəqibi Tamari Çalaqanidzeni asanlıqla məğlub edib. Hər iki seti 6:2 öndə bitirən Niqina görüşdən 2:0 hesabı ilə qalib ayrılıb. Bu oyunlarla paralel 1-ci kortda keçirilən oyunda isə rusiyalı Alla Kudryavtseva ilə çexiyalı Tereza Martinkova qarşılaşıb. Gərgin mübarizə şəraitində 2 saatdan çox davam edən yarışın qalibi 3 setdə müəyyənləşib. İlk seti Kudryavtseva 6:3, ikinci seti isə Martinkova 4:6 öndə bitirərək hesabı 1:1 ediblər. Qalibin müəyyənləşdiyi son setdə Kudryavtseva üstünlüyü yenidən ələ alıb və 6:3 hesabı ilə qələbə qazanıb. Ümumi hesabda 2:1 qələbə qazanan Alla Kudryavtseva adını 2-ci tura yazdırıb. Rusiyalı tennisçinin növbəti rəqibi Vesna Dolonts (Serbiya) olacaq. Mərkəzi kortda keçirilməsi planlaşdırılan görüş isə baş tutmayıb. Gürcüstanlı Sofiya Şapatavanın turnirdən çəkilməsinə görə ukraynalı tennisçi Katerina Bondarenko texniki qələbə ilə növbəti mərhələyə yüksəlib. O, növbəti turda serbiyalı Yovana Yakşiçlə qarşılaşacaq.
Turnirin ilk günündə korta çıxan ukraynalı Oleksandra Koraşvili rusiyalı rəqibi Aleksanda Panova qarşısında ciddi müqavimət göstərə bilməyib. Dünya reytinqində 648-ci olan 18 yaşlı Koraşvili Bakıda keçirilən 2012 və 2013-cü il turnirlərində olduğu kimi bu ildə seçmə mərhələdə (qualfying) məğlub olub. Reytinqdə 137-ci olan Panova matçdan 2-0 hesablı qələbə ilə ayrılıb -6:4, -6:1. Onun növbəti mərhələdəki rəqibi Çernaqoriya təmsilçisi Danka Koviniç olacaq. Bakıda uğursuzluqla üzləşən digər tennisçi isə ABŞ təmsilçisi Culiya Kohen olub. Dünya reytinqində 259-cu olan 25 yaşlı tennisçi ötən il olduğu kimi bu ildə seçmə mərhələdə mübarizəni dayandırıb. Amerikalı tennisçi reytinqdə 116-cı olan 20 yaşlı rəqibi Danka Koviniç qarşısında aciz qalıb. Setləri 6:1 və 6:2 öndə bitirən Koviniç görüşü də 2:0 hesablı asan qələbə öz xeyrinə tamamlayıb. O növbəti mərhələdə Aleksandra Panova (Rusiya) ilə üz-üzə gələcək. Bu yarışın qalibi əsas mərhələyə yüksələcək.
Mərkəzi kortda ukraynalı Alyona Fomina ilə serbiyalı Vesna Dolonts üz-üzə gəlib. Ötən il «Baku Cup»da çıxışını seçmə mərhələdə (qualfying) dayandıran Dolonts bu il turnirə uğurla başlayıb. Dünya reytinqində 681-ci olan Fominaya qarşı 165-ci olan Dolonts rahat oyun nümayiş etdirib. Rəqibini hər iki setdə məğlub edən Dolonts oyundan 2:0 qalib ayrılıb və növbəti mərhələyə yüksəlib. Serbiyalı tennisçi əsas mərhələyə (main draw) çıxmaq uğrunda yarışda Alla Kudryavtseva (RUS) ilə qarşılaşacaq. 3-cü kortda isə Nikol Meliçar (ABŞ) - Misa Equçi (Yaponiya) oyunu baş tutub. «Baku Cup» turnirində ilk dəfə iştirak edən yaponiyalı tennisçi görüşün ilk setini 6:3 öndə bitirib. İkinci setdə dönüş yaratmaq üçün bütün gücünü ortaya qoyan Meliçarın cəhdləri nəticəsiz qalıb. Bu seti də 6:4 öz xeyrinə başa vuran Equçi oyundan 2:0 qalib ayrılıb. Onun növbəti rəqibi fransalı Amandin Hesse olacaq.
Qeyd edək ki, ümumi mükafat fondu 250 min ABŞ dolları olan turnirin final oyunu iyulun 27-də 3 min tamaşaçı tutumuna malik mərkəzi kortda təşil olunacaq.