Milli Mətbuat Gününə həsr olunan stolüstü tennis üzrə turnir keçirildi

Milli Mətbuat Gününə həsr olunan stolüstü tennis üzrə turnir keçirildi


22 İyul - Milli Mətbuat Günü ilə əlaqədar ölkəmizdə müxtəlif tədbirlər təşkil olunur. İyulun 19-da Azərbaycan Respublikası Stolüstü Tennis Federasiyasının dəstəyi, Gənclər və İdman Nazirliyinin və "Sportsman” jurnalının təşkilatçılığı ilə "Royal” hotelində KİV nümayəndələri arasında Milli Mətbuat Gününə həsr olunmuş stolüstü tennis üzrə turnir belə tədbirlərdən idi.
Əvvəlcə turnirin açılış mərasimi keçirildi. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini, bütün bunların isə idmana olan marağın daha da artmasına səbəb olduğunu vurğuladı.
Yarışda 52 mətbuat nümayəndəsi və mədəniyyət işçiləri (32 kişi və 20 qadın) iştirak etdi. Olimpiya sistemi üzrə keçirilən turnirdə qəzetimizi baş redaktorun müavini Aslan Şirəliyev və şöbə müdiri Rahib Səmədov təmsil etdilər. Rahib Səmədov ilk mərhələdəcə mübarizəni dayandırsa da, Aslan Şirəliyev yarımfinala kimi rəqib tanımadı. O, 2 rəqibini böyük fərqlə geridə qoydu. Yarımfinalda Bəhruz Səmədovla ("Ömür yolu”) qarşılaşan Aslan Şirəliyev məğlubiyyətlə barışmalı oldu. Baş redaktorun müavini 3-cü yer uğrunda oyunda da məğlub olaraq, 4-cü yerlə kifayətləndi.
Gərgin mübarizə şəraitində keçən turnirin finalında "Ömür yolu” qəzetinin xüsusi müxbiri Bəhruz Səmədov 1-ci yerə layiq görüldü. "Sportsman” jurnalının baş redaktoru Rəşad Cavadov 2-ci yeri, "Sportnet.az” saytının redaktoru Ceyhun Əliyev isə 3-cü yeri tutdular.
Qadınlar arasında keçirilən yarışda isə "Sehirli Dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova qalib oldu. "Turan” Teletatrının aktrisası Almaz Hüseynova 2-ci, Türkiyə Kadıköy Sənətçilər Koordinatoru, şairə Aidə Zeynalova 3-cü yerə layiq görüldülər.
Turnirin bağlanış mərasimində Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov mətbuat işçilərini bayram münasibəti ilə təbrik edərək qaliblərə qiymətli hədiyyələr və pul mükafatları təqdim etdi.