“Baku Cup-2014” tennis turniri davam edir

“Baku Cup-2014” tennis turniri davam edir

Xəbər verdiyimiz kimi, Bakı Tennis Akademiyasında qadınlar arasında "Baku Cup-2014” tennis turniri keçirilir.
"WTA Tour”un (Qadınların Tennis Assosiasiyası) rəhbərliyi ilə keçirilən yarışda 32 yüksək reytinqli tennisçi mübarizə aparır.

Bakı Tennis Akademiyasının kortlarında təşkil olunan yarışlarda mübarizə sona yaxınlaşdıqca daha da gərginləşir.
Yarışda dünya reytinqində 57-ci yerdə olan ingiltərəli tennisçi Xiter Uatson reytinqdə 81-ci olan Kristina Mladenoviçə (FRA) məğlub olub. Gərgin mübarizə şəraitində keçən oyunun ilk setində fransalı tennisçi 6:2 hesabı ilə irəlidə olsa da ikinci setdə özünə gələn Uatson 6:3 hesablı qələbə qazanıb. Lakin onun bundan artığına gücü çatmayıb. Yenidən üstünlüyü ələ alan Mladenoviç son setdə rəqibinə heç bir şans verməyərək 3-cü setdən 6:0, görüşdən isə 2:1 hesabı ilə qalib ayrılıb.
Ölkəmizi bu yarışda təmsil edən digər tennisçimiz Nəzrin Cəfərova da ümidləri doğrultmayıb. Dünya reytinqinin 62-ci pilləsində olan 21 yaşlı Yana Çepelova ilə qarşılaşan 16 yaşlı Nəzrin rəqibi ilə bacarmayıb. Turnirdə ötən il olduğu kimi, bu il də xüsusi dəvətlə (wild card) iştirak edən tennisçimiz güclü rəqibi qarşısında ciddi müqavimət göstərə bilməyib. İlk setdə cəmi 1 servis qazanan Nəzrin bu setdə 1:6 hesabı ilə uduzub. Çepelova ikinci setdə də idmançımıza heç bir şans verməyib və seti 6:0, görüşü isə 2-0 hesabı ilə qalib başa vurub. Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi Züleyxa Səfərova turnirin ilk günündə təsnifat mərhələsində (qualfying) belaruslu Aleksandra Sasnoviçə 0-2 (2:6, 1:6) məğlub olmuşdu.

Təsnifat mərhələsində (qulafying) Katerina Kozlova (UKR) və Kseniya Pervakı (RUS) məğlub edərək əsas mərhələyə yüksələn ukraynalı Olqa Savçuk bu uğurun davamını gətirə bilməyib. Dünya reytinqinin 215 nömrəli tennisçisi 27 yaşlı Savçuk 76-cı pillədəki rəqibi 18 yaşlı xorvatiyalı Donna Vekiçlə qarşılaşıb. Bərabər səviyyədə keçən ilk setin qalibi tay-breykdə müəyyənləşib. 1 saat davam edən bu setin sonunda Vekiç rəqibini, çətinliklə də olsa, 7:6 məğlub edib. Növbəti set xorvatiyalı tennisçi üçün daha asan keçib. 2-ci seti 6:0 hesabı ilə qalib başa vuran Vekiç görüşdə 2-0 hesablı qələbə qazanıb və 4-cü tura (1/8 final) keçib.
Təsnifat mərhələsində Nikol Meliçar (ABŞ) və Amandin Hesse (Fransa) üzərindəki qələbədən sonra əsas mərhələyə (main draw) keçən yaponiyalı Misa Equçi isə Savçukdan fərqli olaraq, bu turda da qələbə qazanıb. Dünya reytinqində 183-cü olan 22 yaşlı Equçi özündən daha təcrübəli, reytinqdə 36-cı olan turnirin 3 nömrəli favoriti 26 yaşlı slovakiyalı Maqdalena Rıbarıkova qarşı inamla mübarizə aparıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşün ilk setində yaponiyalı tennisçi rəqibinə 6:4 hesabı ilə qalib gəlib. İkinci setdə Rıbarıkova təzyiqini artırıb və hətta setin sonlarında 5:4 önə də keçib. Lakin Equçi yenidən təşəbbüsü ələ alıb və tay-breykə qədər uzanan setin sonunda 7:6 hesabı ilə qalib gəlib. Beləliklə, güclü rəqibini 2-0 hesabı ilə məğlub edən Misa Equçi 1/8 finala çıxıb.
Dünya reytinqinin 29 nömrəli tennisçisi, turnirin 1 nömrəli favoritlərindən hesab olunan rumıniyalı Sorana Kirstea yarışda xüsusi dəvətlə (wild card) iştirak edən tunisli Uns Cabirlə qarşılaşıb. 24 yaşlı Kirstea 20 yaşlı rəqibi qarşısında üstün oyun keçirib. Rumıniyalı tennisçi yarışın bəzi hissələrində rəqibinin ciddi müqaviməti ilə üzləşsə də, onun sürpriz etməsinə imkan verməyib. Hər iki seti 6:3 hesabı ilə qələbə qazanan Kirstea 2-0 hesablı qələbə ilə 1/8 finala çıxıb.
Cütlüklərin mübarizəsində isə fransalı cütlük Amandin Hesse və Paulin Parmentyer Aliaksandra Sasnoviç (Belarus) - Katerina Sinyakova (Çexiya) ilə qarşılaşıblar. Maraqlı mübarizə şəratində keçən görüşün ilk setində fransalılar 6:2 hesabı ilə qələbə qazansalar da, ikinci setdə eyni hesabla məğlub olublar. Həlledici 3-cü setdə daha dəqiq zərbələr endirən Hesse - Parmentyer cütlüyü seti 12:10, ümumi oyunu isə 2-1 hesabı ilə başa vurublar. Onlar bu qələbə sayəsində finala yüksəliblər. Məlumat üçün bildirək ki, Amandin Hesse "Baku Cup 2014” fərdi yarışların (singles) təsnifat mərhələsində də Katerina Sinyakova ilə qarşılaşmış və 1:2 (6:3. 4:6, 1:6) hesabı ilə məğlub olmuşdu.
Culiya Qluşko (İsrail)-Sandra Klemenşits (Avstriya) cütlüyü Bakı Tennis Akademiyasının (BTA) mərkəzi kortunda Katerina Bondarenko (UKR)-Nikol Meliçar (ABŞ) cütlüyü ilə qarşılaşıb. Cəmi 1 saat davam edən matçda Bondarenko-Meliçar rəqiblərinə qələbə qazanmaq üçün heç bir şans verməyiblər. İlk seti 6:4 hesabı ilə qələbə qalib gələn bu cütlük ikinci setdə rəqiblər 6:0 hesabı ilə darmadağın ediblər. Beləliklə, matçdan 2-0 hesabı ilə qalib ayrılan Bondarenko-Meliçar cütlüyü finala çıxıblar.
Peyer-Olaru cütlüyündən əzmkar qələbə rumıniyalı Aleksandra Kadantsu ilə polşalı Katarzina Piterin komandası digər bir rumıniyalı Raluka Olaru ilə israilli Şayar Peyerin komandası ilə qarşılaşıb. Hər xal uğrunda ciddi mübarizənin aparıldığı bu matçın ilk seti Kadamtsu-Piter cütlüyünün 6:3 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci setdən etibarən rəqiblərinin zəif nöqtələrindən ustalıqla istifadə edən Olaru-Peyer cütlüyü matçda dönüş yarada bilib. Onlar əvvəlcə ikinci setdə 6:3 hesablı qələbə qazanaraq ümumi hesabı 1-1 ediblər. Qalibin müəyyənləşdiyi son setdə də üstünlüyünü davam etdirən Olaru-Peyer cütlüyü bu seti də 10:4 hesabı ilə qalib başa vuraraq qarşılaşmadan 2-1 hesablı əzmkar qələbə ilə ayrılıb.
1/8 final çərçivəsində keçirilən yarışda Yanette Husarova (Slavakiya) - Klaudiya Yans-İqnaçik (Polşa) cütlüyü ilə Françeska Skyavone (İtaliya)-Ştefani Föqele (İsveçrə) cütlüyü qarşılaşıblar. Görüşə daha inamla başlayan Husarova və Yans-İqnaçik ilk setdə rəqiblərinə 6:3 hesabı ilə qalib gəliblər. Lakin ikinci set ilk setin tam əksinə olub. Bu setdə qələbə qazanmaq üçün mübarizə əzmini yüksəldən Skyavone və Föqele seti 6:4 hesabı ilə öndə bitirərək hesabı 1-1 ediblər. Qalibin müəyyənləşdiyi son setdə rəqibinə heç bir şans verməyən Skyavone və Föqele seti 10:2 hesabı ilə qalib gələrək oyundan da 2-1 hesablı əzmkar qələbə ilə ayrılıblar. Qeyd edək ki, Skyavone və Föqele fərdi yarışlarda da (singles) hələ ki məğlub olmayıblar.
Rusiyalı Aleksandra Panova ilə ingilis Xiter Uatso cütlüyü Boyana Yovanovski (Serbiya) - Danka Koviniç (Çernaqoriya) cütlüyü ilə qarşılaşıb. İlk setdə Panova və Uatson 6:4 qazansalar da ikinci setdə Yovanovski və Koviniç 7:5 qalib gəliblər. Yarışın qalibi üçüncü setdə müəyyənləşib. Gərgin və maraqlı mübarizənin sonunda Panova və Uatson 11:9 hesabı ilə əzmkar qələbə əldə ediblər. Beləliklə, yekunda 2-1 hesabı ilə qalib gələn Panova və Uatson cütlüyü finala yüksəlib.
Turnirin 4-cü gününün son oyununda slovakiyalı Yana Çepelova ilə fransalı Paulin Parmentyer üz-üzə gəliblər. Yarışın 8 nömrəli favoriti olan dünyanın 71 nömrəli tennisçisi 21 yaşlı Çepelova reytinqdə 95-ci olan 28 yaşlı təcrübəli rəqibi qarşısında aciz qalıb. İlk setdə çətinliklə 7:6 hesabı ilə qələbə qazanan Parmentyer, ikinci setdə də qalib gəlib - 6:4. Yekunda 2:0 hesabı ilə qələbə qazanan Paulin Parmentyer növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, ümumi mükafat fondu 250 min ABŞ dolları olan turnirin final oyunu iyulun 27-də 3000 tamaşaçı tutumuna malik mərkəzi kortda təşil olunacaq.