«Baku Cup 2014» turnirində mübarizə gərginləşir

«Baku Cup 2014» turnirində mübarizə gərginləşir

Bakı Tennis Akademiyasında keçirilən qadınlar arasında WTA "Baku Cup-2014” tennis turniri davam edir.
Fərdi yarışlarda (singles) 1/8 final oyunlarına çıxan italiyalı Françeska Skyavone və isveçrəli Ştefani Föqele bu dəfə cütlərin yarışında eyni komandada mübarizə aparıblar. Onların rəqibləri ukraynalı Oleksandra Koraşvili və çexiyalı Tereza Martinkova olub. Bir gündə ikinci matça çıxmalarına baxmayaraq, Skyavone və Föqele heç də yorğun görünməyiblər. Əksinə, rəqiblərinə kortda aman verməyən bu iki tennisçi üstün oyun nümayiş etdirərək ilk seti 6:2, ikinci seti isə 6:3 hesabı ilə qazanıblar.
Turnirə təsnifat mərhələsindən (qulafying) başlayan yaponiyalı tennisçi Misa Equçibaxımlı oyunu ilə əvvəldən sürpriz nəticələrə imza atıb. Equçi təsnifat oyunlarında Nikol Meliçar (ABŞ) və Amandin Hesseni (Fransa), 1/16 finalda turnirin 3 nömrəli favoriti Maqdalena Rıbarıkova (Slovakiya), 1/8 finalda isə Urszula Radvanska (Polşa) kimi güclü rəqiblərini sıradan çıxarıb. Dünya reytinqində 183-cü olan Misa Equçinin budəfəki rəqibi isə daha güclü tennisçi - turnirin 2 nömrəli favoriti, "Baku Cup 2012"nin qalibi olmuş serbiyalı Boyana Yovanovski olub. Equçi bütün göstəricilərdə rəqibindən geridə olsa da, rəqibinə qarşı layiqli mübarizə aparıb. 2 saat 11 dəqiqə davam edən oyunun ilk setində yaponiyalı tennisçi 6:4 qalib olub və hesabda 1:0 önə keçib. İkinci setə də üstün başlayan Equçi hesabda 5:2 önə keçib. Lakin bundan sonra özünə gələn Yovanovski setdə dönüşü yarada bilib. Ardıcıl xallar qazanaraq üstünlüyü ələ alan serbiyalı tennisçi tay-breykə uzanan 2-ci seti çətinliklə də olsa 7:5 qalib başa vurub. Beləliklə, oyunun qalibi 3-cü setdə müəyyənləşməli olub. Bərabər səviyyədə keçən son setdə Boyana Yovanovski 6:3 hesabı ilə əzmkar qələbə qazanıb. Beləliklə, 2:1 hesabı ilə qalib gələn Yovanovski yarımfinala vəsiqə qazanıb.