«Baku Cup -2014» beynəlxalq tennis turniri yekunlaşdı

«Baku Cup -2014» beynəlxalq tennis turniri yekunlaşdı


Bakıda qadınlar arasında keçirilən «Baku Cup-2014» beynəlxalq tennis turnirinə yekun vuruldu.
İyulun 20-də start götürən və Bakı Tennis Akademiyasının dörd kortunda keçirilən turnirdə əsas setdə yüksək reytinqli 32 tennis ustası mübarizə aparırdı.
«WTA Tour»un rəhbərliyi ilə keçirilən «Baku Cup -2014» turnirinin mükafat fondu 250 min ABŞ dolları idi.
2011-ci ildən ənənəvi olaraq təşkil olunan tennis turnirində Vera Zvonaryova, Anastasiya Pavlyuçenkova, Aravan Rezai, Boyana Yovanovski, Elina Svitolina kimi dünya tennis ulduzları ölkəmizin qonaqları olublar.
İyulun 27-də Bakı Tennis Akademiyasının mərkəzi kortunda «Baku Cup - 2014» turnirinin final mərhələsi keçirildi.
Fərdi yarışların finalında «Baku Cup 2012»nin qalibi, bu turnirin 5 nömrəli favoriti, dünya reytinqinin 40 nömrəsi 23 yaşlı serbiyalı tennisçi Boyana Yovanovski 1 il aradan sonra yenə Bakıda qalib olmaq üçün yarışırdı. Onun finaldakı rəqibi «Baku Cup 2013»ün qalibi, bu turnirin 2 nömrəli favoriti, dünya reytinqinin 35 nömrəsi 19 yaşlı ukraynalı tennisçi Elina Svitolina oldu. İlk setdə Yovanovski üzərində böyük üstünlük əldə edən Elina bu seti 6:1 hesabı ilə qalib başa vurdu. İkinci setdə də inamlı təsir bağışlayan ukraynalı raket ustası 7:6 hesabı ilə qalib gəldi. Beləliklə, yekunda görüşü 2:0 hesabı ilə başa vuran Elina Svitolina Bakıda ardıcıl 2-ci çempionluğunu qazandı. Svitolina bu çempionluq sayəsində dünya reytinqində 280 xal və 43 min ABŞ dolları pul mükafatı əldə etdi. Finalda məğlub olan Boyana Yovanovski isə 180 reytinq xalı ilə yanaşı, 21 min 400 ABŞ dolları pul mükafatı qazandı.
Komanda yarışlarında isə rusiyalı Aleksandra Panova ilə böyük britaniyalı Piter Uatsonun komandası Şayar Peyer (İSR) və Raluka Olaru (ROU) cütlüyü ilə qarşılaşdı. Maraqlı mübarizə şəraitində keçən görüşün ilk setini Panova və Uatson rahatlıqla 6:2 hesabı ilə qazanıdılar. İkinci setdə isə Peyer və Olaru ciddi müqavimət göstərdilər. Lakin yenidən təşəbbüsü ələ alan Panova və Uatson ardıcıl xallar qazanaraq seti tay-breykə daşıdılar. Tay-brekdə daha üstün olan Panova və Uatson seti 7:6, oyunu isə 2:0 qalib başa vuraraq çempion adını qazandılar. Onlar bu çempionluq sayəsində dünya reytinqində 280 reytinq xalı və 12 min 300 ABŞ dolları pul mükafatı əldə etdilər. Finalda məğlub olan Peyer və Olaru isə 180 reytinq xalı ilə yanaşı, 6 min 400 ABŞ dolları qazandılar. Finalda iştirak edən bütün iştirakçılara mükafatı turnirin direktoru Leyla Mesxi və Tennis Federasiyasının baş katibi İlham Quliyev təqdim etdi.
Yarışın təntənəli bağlanış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmanın yüksələn xətlə inkişaf etdiyini bildirdi. O, qədim və zəngin idman ənənələri olan ölkəmizdə idmanın və Olimpiya Hərəkatının inkişafı üçün böyük imkanlar olduğunu vurğuladı. İsmayıl müəllim həmçinin respublikamızda idmanın inkişafında ümummilli lider Heydər Əliyev xidmətlərindən danışaraq hazırda bu sahənin onun layiqli davamçısı Azərbaycan Respublikasını Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı. Azərbaycanın bir çox nüfuzlu idman yarışlarına ev sahibliyi etdiyini deyən nazir müavini qadınlar arasında keçirilən «Baku cup-2014» tennis turnirinin də bu cür yarışlar silsiləsinə aid olduğunu bildirdi. Bu yay Azərbaycanda 9 beynəlxalq yarışın keçirildiyini diqqətə çatdıran İsmayıl İsmayılov bunu ölkəmizə göstərilən yüksək etimadın bariz nümunəsi olduğunu dedi.
Turnirin direktoru, tanınmış tennisçi Leyla Mesxi «Baku Cup - 2014» turniri yüksək səviyyədə təşkil olunduğunu bildirdi. Bu yarışların beynəlxalq idman təqvimində xüsusi yer tutduğunu söyləyən və turnirin nüfuzunun ildən-ilə artdığını deyən tanınmış tennisçi «Baku Cup - 2014»ün keçirilməsinə kömək göstərdiyinə görə Heydər Əliyev Fonduna xüsusi minnətdarlığını bildirdi.
Leyla Mesxi həmçinin Qadın Tennis Assosiasiyası tərəfindən Bakıda turnirin keçirilməsi Azərbaycan Tennis Federasiyasının uğurlu siyasətinin nəticəsi olduğunu qeyd etdi.
Məlumat üçün qeyd ki, final oyunlarının gedişini Milli Məclisin sədri, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov, ölkə parlamentinin üzvləri izləyirdilər.


olimpnews.az