Stolüstü tennisçilər Gəncədə biraraya gəliblər

Stolüstü tennisçilər Gəncədə biraraya gəliblər

Martın 4-dən 9-dək Gəncə şəhərində 1995-1997, 1998-ci il təvəllüdlü və daha azyaşlı idmançılar arasında stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçirilib. Turnirdə paytaxtla yanaşı, respublikanın müxtəlif regionlarından ümumilikdə 100-dək raket ustası qalib adı uğrunda mübarizə aparıb.

1995-1997-ci il təvəllüdlü oğlanlardan ibarət komandalar arasında Bakı I komandası turnirin qalibi adını qazanıb. İkinci yerə Sumqayıt II, üçüncü yerə isə Bakı II komandaları layiq görülüblər. 1998-ci il və daha azyaşlı oğlanlardan ibarət komandaların yarışında da Bakı komandaları uğurlu nəticə göstəriblər. Belə ki, Bakı I komandası birinci, Bakı II isə ikinci yeri tutub. Turnirin üçüncüsü isə Sumqayıt II komandası olub. 1995-97-ci il təvəllüdlü qızlardan ibarət komanda yarışları da gərgin idman mübarizəsi şəraitində keçib.
Bütün komandaları üstələyən Sumqayıt tennisçiləri komanda hesabında birinci yeri tutub. Digər iki pillənin sahibi isə Bakı I və Şabran komandaları olublar.
1998-ci il təvəllüdlü və daha azyaşlı qızlardan ibarət komandaların yarışında ilk iki pillədə müvafiq olaraq Sumqayıt I və Sumqayıt II komandaları qərarlaşıblar.
Üçüncü yerə isə Şirvan komandasının tennisçiləri layiq görülüblər. 1995-1997-ci il təvəllüdlü oğlanların şəxsi yarışlarında Hilal Həsənov (Bakı) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
Sənan Əliyev (Bakı) ikinci, Xəyal Həşimli (Sumqayıt) isə üçüncü yerlə kifayətlənib. 1998-ci il təvəllüdlü və daha azyaşlı oğlanlar arasında keçirilən şəxsi yarışlarda Nurlan Həsənov (Bakı) turnirin qalibi adını qazanıb. Yusif Qafarlı (Sumqayıt) ikinci, Mətin Həsənzadə (Bakı) isə üçüncü olublar. 1995-1997-ci il təvəllüdlü qızların şəxsi yarışları
Məryəm İmanova (Sumqayıt) turnirdə birinci yerə sahib olub.
Nuranə Həmzəyeva (Sumqayıt) öz yaşıdları arasında ikinci,
Günay Səmədova (Bakı) isə üçüncü yeri tutub.
1998-ci il təvəllüdlü və daha azyaşlı qızlar arasında keçirilən şəxsi yarışlarda ilk üç yerin sahibi Sumqayıt təmsilçiləri olublar. Belə ki, Dinarə Məmmədova (Sumqayıt) birinci,
Şərmin Şirinova (Sumqayıt) ikinci, Nəzrin Əhmədova (Sumqayıt) isə üçüncü yerə layiq görülüblər. Qaliblər Gənclər və İdman Nazirliyinin diplomları və Stolüstü Tennis Federasiyası tərəfindən təyin olunmuş qiymətli hədiyyələrlə təltif olunublar.