Stolüstü tennisçilərimizin təlim-məşq toplanışı başa çatıb

Stolüstü tennisçilərimizin təlim-məşq toplanışı başa çatıb

Sentyabrın 15-də Azərbaycanın stolüstü tennis üzrə yığma komandası Polşanın Qdansk şəhərində təşkil olunan təlim-məşq toplanışını başa vuraraq vətənə dönüblər. Tennisçilərimiz baş məşqçi L. Kuxarskinin və böyük məşqçi A. Zudovun rəhbərliyi altında idman ustalıqlarının, ümumi fiziki hazırlıq səviyyələrinin artırılması ilə məşğul olublar. Avqustun 24-də başlan təlim-məşq toplanışında komandanın 5 kişi və 5 qadın idmançısı iştirak edib. Təlim-məşq toplanışı sentyabrın 24-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək Avropa komanda çempionatına hazırlıq xarakteri daşıyıb. Çempionatda ölkəmizi kişilərdən Fərhad İsmayılov, Ramil Cəfərov, Xəyal Həşimli, qadınlardan isə Məryəm İmanova, Rüfət Quliyeva və Səbinə Batmanova təmsil edəcəklər.
Məlumat üçün qeyd edək ki, sentyabrın 1-dən 7-dək Bakıda ilk dəfə 2002-ci il təvəllüdlü və daha azyaşlı yeniyetmələr üçün təlim-məşq toplanışı təşkil edilib. Tədbirdə 6 oğlan və 6 qız tennisçimiz məşqçilərinin rəhbərliyi altında fiziki, texniki, taktiki ustalıqlarını artırıb.