Stolüstü tennisçilərimiz Avropa komanda çempionatında iştirak edirlər

Stolüstü tennisçilərimiz Avropa komanda çempionatında iştirak edirlər

Sentyabrın 24-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində stolüstü tennis üzrə Avropa komanda çempionatı start götürüb. Yarışda iştirak edən stolüstü tennis üzrə milli komandamız 6 (3 kişi və 3 qadın) idmançı ilə mübarizə aparır. Qitə çempionatında ölkəmizi baş məşqçi Leşek Kuxarski və böyük məşqçi Aleksandr Zudov rəhbərliyi ilə kişilərdən Fərhad İsmayılov, Ramil Cəfərov, Xəyal Həşimli, qadınlardan isə Məryəm İmanova, Rüfət Quliyeva və Səbinə Batmanova təmsil edirlər.
Məlumat üçün qeyd edək ki, yarışda ümumilikdə 79 (42 kişi və 37 qadın) komanda iştirak edir. Kişi komandamızın yer aldığı 3-cü divizionda 11, qadınlardan ibarət komandamızın qərarlaşdığı 2-ci divizionda isə 16 komanda mübarizə aparır.
Yarışlara sentyabrın 28-də yekun vurulacaq.
Xatırladaq ki, stolüstü tennis üzrə milli komandamız çempionata Polşanın Qdansk şəhərində hazırlaşıb. Tennisçilərimiz təlim-məşq toplanışında baş məşqçi Laşek Kuxarskinin və böyük məşqçi Aleksandr Zudovun rəhbərliyi altında idman ustalıqlarının, ümumi fiziki hazırlıq səviyyələrinin artırılması ilə məşğul olublar.