Avropa Stolüstü Tennis Birliyinin (ETTU) prezidenti Bakıya səfər edib

Avropa Stolüstü Tennis Birliyinin (ETTU) prezidenti Bakıya səfər edib

Oktyabrın 20-dən 22-dək Avropa Stolüstü Tennis Birliyinin (ETTU) prezidenti Ronald Kramer Bakıda səfərdə olub.
Qonaq Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül çiçək dəstələri düzülüb.
Ronald Kramer Azərbaycanın müstəqilliyi naminə canlarından keçmiş Vətən övladlarının uyuduğu Şəhidlər Xiyabanına da gələrək, onların əziz xatirəsini yad edib, əbədi məşəl önünə əklil qoyub.
Qonaq Bakı - 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsində olub, mötəbər tədbirə hazırlıq işlərinin gedişi, tikilən obyektlər, idman infrastrukturları və s. məsələlər barədə söhbətlər aparıb, fikir mübadiləsi edib.
Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer stolüstü tennis üzrə Azərbaycan Kuboku yarışlarına da gələrək, federasiyanın vitse-prezidenti Fazil Məmmədovla birgə oyunları seyr edib, yarışın təşkilini, oyunların səviyyəsini və yığma komandanın istifadəsinə verilən yeni idman obyektini yüksək qiymətləndirib.
Səfərinin sonuncu günü R.Kramer Federasiyanın yeni ofisinə dəvət olunub, burada Avropa Oyunlarına idmançılarımızın hazırlıq məsələləri, yarışların keçiriləcəyi idman obyektlərinin vəziyyəti, eləcə də Azərbaycanda stolüstü tennisin gələcək inkişaf perspektivləri barədə Federasiyanın vitse-prezidenti Fazil Məmmədovla geniş müzakirələr aparıb.
Ronald Kramer Federasiyanın yeni ofisinin hər cür zəruri texniki avadanlıq və inventarla təminatına yüksək qiymət verib, ümumilikdə stolüstü tennis federasiyasının işini müsbət dəyərləndirib.