Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan çempionatına yekun vurulub


Bakı Tennis Akademiyasında keçirilən tennis üzrə Azərbaycan çempionatına yekun vurulub. Böyüklər arasında təşkil olunan yarışda 24 (16 oğlan, 8 qız) ən güclü raket ustası mübarizə aparıb.
Gərgin mübarizə şəraitində keçən yarışda Samir Qafarov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Məlumat üçün qeyd edək ki, Tələt Rəhimovun yetirməsi olan Samir Qafarav ardıcıl ikinci dəfədir ki, böyüklər arasında Azərbaycan çempionu tituluna yiyələnir. Ayxan Manaflı ikinci, Arif Quliyev isə üçüncü yerdə qərarlaşıb. Qızların mübarizəsində də Tələt Rəhimovun iki yetirməsi fəxri kürsüdə yer alıb. Belə ki, Nəzrin Cəfərova rəqiblərini üstələyərək birinci yerə layiq görülüb. Züleyxa Səfərova ikinci, Aydan Əlizadə isə üçüncü yerə sahib çıxıb.
Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Yarışdan sonra yığma komandanın məşqçisi Tələt Rəhimov turnirlə bağlı fikirlərini bildirib.
"Yarışın təşkilatçılıq səviyyəsindən razı qaldım. Bu yarış bizim üçün çox əlamətdar oldu. Belə ki, turnirdə iştirak edən beş yetirməmdən üçü - Samir Qafarov, Nəzrin Cəfərova və Aydan Əlizadə mükafatçılar sırasında yer aldılar. Digər yetirməm Teymur Dadaşov isə turniri dördüncü pillədə başa vurdu. Yarışda daha bir maraqlı məqam isə yetirmələrimin buyaxınlarda İspaniyanın Barselona şəhərində keçirilən təlim-məşq toplanışında iştirak edən tennisçilərə qalib gəlməsi oldu. Bu, bizim üçün böyük uğurdur. Bizə yaradılan şəraitə görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Tennis Federasiyasına minnətdarlığımı bildirirəm”, - deyə Tələt Rəhimov əlavə edib.