Stolüstü tennisçilər Konstitusiya Gününə həsr olunmuş turnirdə

Stolüstü tennisçilər Konstitusiya Gününə həsr olunmuş turnirdə


Noyabrın 8-9-da "Şüa” İdman Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Konstitusiya Gününə həsr olunmuş turnir keçirildi.
Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 2003-cü il təvəllüdlü və daha az yaşlı oğlan və qızlar qüvvəsini sınayıb. İki gün davam edən və şəxsi xarakter daşıyan yarışlarda Bakı və regionlardan olan 50 idmançı mübarizə aparıb.
Yarışın açılış mərasimində çıxış edən Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə fiziki-mənəvi sağlamlığın qorunması, idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı. O, ölkəmizin idman imicinin yüksəldilməsi, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, bölgələrdə müasir idman infrastrukturun yaradılması istiqamətində reallaşdırılan tədbirlərdən danışdı. Fazil müəllim ölkəmizdə digər idman növləri ilə yanaşı, stolüstü tennisin də inkişaf etdiyini, bu idman növünə uşaq və yeniyetmələrin böyük marağının olduğunu qeyd edib. Tədbirdə həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının yeni təyin olunmuş baş katibi Səbuhi Mehdizadə tennisçilərə təqdim edilib.
Dövlət himninin səsləndirilməsindən sonra Konstitusiya gününə həsr olunmuş stolüstü tennis üzrə turnirə start verilib.
Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd stolüstü tennisi daha da inkişaf etdirmək, gənclərin bu idman növünə marağını artırmaqdır.
Yarışda Bakı şəhərinin Qaradağ rayonu Uşaq Gənclər İdman Məktəbi, "Lokomotiv” İSM, Bakı Tennis Məktəbi, "Neftçi İdman Klubu” İB-in idmançıları ilə yanaşı, Sumqayıt, Şəki, Şirvan, Şabran və Salyan rayonlarından olan tennisçilər qalib adı uğrunda mübarizə apardılar.
Şəxsi xarakter daşıyan yarış beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirildi. Gərgin mübarizə şəraitində keçirilən yarışda oğlanlar arasında Bakı Tennis Məktəbinin idmançısı Kənan Pənahov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. "Lokomotiv” İSM-in tennnisçisi Fəxri Abdullayev ikinci, "Neftçi” İdman Klubu” İB-in yetirməsi Rəşad Tahirov isə üçüncü yerə layiq görülüb. Qızların mübarizəsində "Neftçi İdman Klubu” İB-in idmançısı Nigar Əhmədova bütün rəqiblərindən üstün olub. Qaradağ rayonunun Uşaq Gənclər İdman Məktəbinin təmsilçisi Aytac Qasımova ikinci, "Neftçi İdman Klubu” İB-in tennisçisi Zemfira Mikayılova üçüncü yerə sahib çıxıb.
Qaliblər Stolüstü Tennis Federasiyanın diplom və qiymətli hədiyyələri ilə təltif olunublar.