TOP-16» turnirinə yekun vuruldu

TOP-16» turnirinə yekun vuruldu


«Şüa» İdman Sağlamlıq Kompleksində yeniyetmə və gənclər arasında keçirilən stolüstü tennis üzrə «TOP-16» turnirinə yekun vuruldu. Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda ölkənin ən güclü 32 (16 oğlan, 16 qız) idmançısı qalib adı uğrunda mübarizə aparırdı.
İki gün davam edən turnirdə Bakının Qaradağ rayonu UGİM-i, "Neftçi İdman Klubu” İB, NN klubu, Bakı Tennis Məktəbi, "Təhsil” RİM-in idmançıları ilə yanaşı, Sumqayıt, Şabran, Şirvan, Şəki və Gədəbəy təmsilçiləri də qüvvələrini sınayırdılar. Şəxsi xarakter daşıyan yarış beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilirdi.
Gərgin mübarizə şəraitində keçən oğlanların mübarizəsində birinci və ikinci pilədə Bakı Tennis Məktəbinin idmançıları qərarlaşdılar. Sənan Əliyev birinci, Nurlan Həsənov isə ikinci yerə laiq görüldü. «Təhsil» RİM-in Bakı filialının tennisçisi Əliverdi Şahgəldiyev üçüncü yerə sahib çıxdı. Qızların yarışında isə Sumqayıt və NN klubun təmsilçisi Məryəm İmanova bütün rəqiblərindən üstün oldu. Nəzrin Əhmədova (Sumqayıt) və Dinarə Məmmədova (Sumqayıt, NN klub) müvafiq olaraq, ikinci, üçüncü yerləri tutdular.
Qaliblər Stolüstü Tennis Federasiyasının diplom və mükafatları ilə təltif olundular. Yarışın bağlanış mərasimində çıxış edən Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov yarış iştirakçılarını salamlayaraq qalib gələn idmançılara uğurlar arzuladı. «Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində ölkə idmanı son illər özünün ən yüksək mərhələsinə qədəm youb. Paytaxtla yanaşı, bölgələrimizdə də müasir standartlara cavab verən idman və sağlamlıq infrastrukturu yaradılır. Bütün bunların nəticəsidir ki, Azərbaycan mötəbər idman tədbirləri ilə yanaşı, beynəlxalq idman yarışlarına da ev sahibliyi edir. Təsadüfi deyildir ki, 2015-ci ilin fevralında Beynəlxalq Stolüstü Tennis Federasiyasının «Avropa TOP-16» kuboku uğrunda yarışlar da Azərbaycanda keçiriləcək. Həmin yarışda Avropanın ən güclü 32 idmançısı Bakıda öz gücünü sınayacaq», - deyə Fazil Məmmədov bildirdi.
Məlumat üçün qeyd edək ki, «TOP-16» turnirinin keçirilməsində əsas məqsəd respublikada stolüstü tennis idman növünü inkişaf etdirmək, onun kütləviliyini daha da genişləndirmək, yeniyetmə və gənc tennisçilərin idman ustalığı və təcrübə səviyyəsini artırmaq və ilin ən güclü yeniyetmə 3 oğlan və 3 qız idmançısını müəyyən etmək idi.