Stolüstü tennis yarışları maraqla qarşılanıb

Stolüstü tennis yarışları maraqla qarşılanıb

Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələri kütləvi bədən tərbiyəsi və idmana cəlb etmək, onların asudə vaxtlarının səmərəli təşkili və tələbələrin Rusiyanın Kazan şəhərində keçiriləcək XXVII ümumdünya universiadasına hazırlığının təmin edilməsi məqsədi ilə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi Kollegiyası, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin birgə qərarı və "Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş XI Respublika Universiadası keçirilir. Təhsil müəssisələri arasında keçirilən bu universiadada stolüstü tennis yarışları maraqla qarşılanıb. Bakı Slavyan Universitetinin idman zalında kişilər arasında keçirilən stolüstü tennis üzrə yarışda 13 komanda və 39 tələbə iştirak edib. I yeri Sumqayıt Dövlət Universiteti, II yeri Turizm İnstitutu, III yeri isə Azərbaycan İqtisad Universiteti əldə edib. Qadınların yarışında 9 komanda və 27 tələbə mübarizə aparıb. Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası I, Bakı Dövlət Universiteti II, Azərbaycan Milli Aviasiya Akademiyası III pillənin sahibi olub.