Təhsil Nazirliyinin əməkdaşları stolüstü tennis yarışlarında

Təhsil Nazirliyinin əməkdaşları stolüstü tennis yarışlarında

Dekabrın 20-də "Şüa” İdman Sağlamlıq Kompleksində Stolüstü Tennis Federasıyasının təşkilatçılığı ilə Təhsil Nazirliyinin əməkdaşları arasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş stolüstü tennis üzrə turnir keçirilib.
30-dək əməkdaşın iştirak etdiyi tədbir şəxsi formatda və beynəlxalq stolüstü tennis qaydalarına uyğun təşkil olunub. Maraqlı mübarizə şəraitində keçən yarışda kişilər arasında I yerə nazir müavini Firudin Qurbanov layiq görülüb. Samir Vəliyev və Namiq Məmmədov, müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar. Qadınların mübarizəsində isə Aysel Ağayeva turnirin qalibi olub. Fəridə Novruzova ikinci, Həbibə Fərzəliyeva isə üçüncü yerə sahib çıxıb.
Tədbirin bağlanış mərasimində çıxış edən Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov yarış iştirakçılarını qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmanın inkişafına böyük diqqət göstərdiyini, ölkəmizin aparıcı idman dövlətlərindən birinə çevrildiyini və bir çox mötəbər tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb. Fazil Məmmədov həmçinin gələn ilin fevral ayında keçiriləcək "Avropa Stolüstü Tennis TOP-16” kuboku barədə də ətraflı məlumat verib. Yarışda Avropanın ən güclü 16 kişi və 16 qadın tennisçisinin iştirak edəcəyini bildirən federasiya rəsmisi turnirin gələn il ölkəmizdə təşkil olunacaq I Avropa Oyunlarına hazırlıq xarakteri daşıdığını qeyd edib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov yarışın keçirilməsinin baslıca məqsədinin işçilərin fiziki hazırlığının möhkəmləndirilməsi və əməkdaşlar arasında işdənkənar münasibətlərin gücləndirilməsi, həmçinin ölkədə bu idman növünün təbliği olduğunu bildirib.