Hər ötən gün bizi Bakı-2015-ə yaxınlaşdırır

Hər ötən gün bizi Bakı-2015-ə yaxınlaşdırır
Azərbaycanda stolüstü tennis idman növünə maraq ötən əsrin 1939-40-cı illərindən başlayıb. Böyük Vətən müharibəsindən sonra bir çox müəssisə və təşkilatlarda, zavod və fabriklərdə stolüstü tennis bölmələri yaradılıb və bu idman növü get-gedə inkişaf edib. 50-ci illərin əvvəllərində ilk dəfə olaraq Bakı stolüstü tennis bölməsi yaradılıb və sonradan respublika Stolüstü Tennis Federasiyası təsis olunub. Həmin vaxtdan etibarən respublikada bu idman növü üzrə müxtəlif yarışlar keçirilir. Bakı şəhərinin ilk çempionları V. Lazorkin və R. Yaşagina olublar. O dövrün ən güclü tennisçiləri arasında M. Şeydabəyovun, K. Bağırovun, V. Lazorkinin, R. Şapayevanın, O. Spiridonovun, A. Knijnikin və başqalarının adlarını çəkmək olar.
Azərbaycanda SSRİ-nin əməkdar məşqçiləri N. Novikov, R. Kotsev, Azərbaycanın əməkdar məşqçiləri Y. Oparin, İ. Mazin kimi məşqçilər yetişib. Onlar M. Şeydabəyov (1961-ci ildə SSRİ çempionu), V. Popova (6 dəfə SSRİ çempionu, 1984-cü ildə Avropanın mütləq çempionu) kimi idmançıların ərsəyə gəlməsində böyük əmək sərf ediblər. İllər ötdükcə Azərbaycan stolüstü tennisçiləri bir çox beynəlxalq yarışlarda güclərini sınayıblar.
Lakin SSRİ dağıldıqdan sonra ictimai-siyasi həyatda olduğu kimi, idman sahəsində də durğunluq dövrü yarandı. Bu, stolüstü tennisə də təsirsiz ötüşmədi. Bir çox adlı-sanlı idmançılar və məşqçilər Azərbaycanı tərk etdilər.
Ümummilli lider Heydər Əliyev ikinci dəfə ölkə rəhbərliyinə qayıtdıqdan sonra respublikanın ictimai-siyasi həyatında, o cümlədən idmanın inkişafında əsaslı dəyişikliklər yarandı. Göstərilən diqqət və qayğı stolüstü tennis növünün də bərpa olunmasına imkan verdi.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkənin bütün sahələrində aparılan siyasi, sosial-iqtisadi islahatlar, yenidənqurma işləri bu gün də uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi altında qısa müddət ərzində ölkədə güclü idman bazası yaradıldı. Ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğı nəticəsində atletlərimiz beynəlxaq yarışlarda uğurlu nailiyyətlər əldə edirlər. Sevindirici haldır ki, ölkəmiz mötəbər yarışların keçirildiyi məkana çevrilib. Azərbaycan bu il bir sıra idman tədbirlərinə ev sahibliyi edəcək. Şübhəsiz ki, bu yarışların ən mötəbəri iyun ayında paytaxtımızda təşkil olunacaq I Avropa Oyunlarıdır. 20 idman növü üzrə keçiriləcək yarışda qitənin 6 mindən çox idmançısı 253 dəst medal uğrunda mübarizə aparacaq. I Avropa Oyunlarının proqramına daxil edilən yarışlardan biri də stolüstü tennisdir. Digər idman federasiyaları kimi, Azərbaycan Stolüstü Tennis Federasiyası da bu mötəbər yarışa ciddi hazırlaşır. Sözsüz ki, federasiyanın qarşısında duran ən mühüm vəzifələrdən biri, yığma komandamızın I Avropa Oyunlarına hazırlığına nail olmaq, idmançılarımızın yarışda uğurlu çıxışını təmin etməkdir. Bu məqsədlə federasiya rəhbərliyi bir sıra mühüm addımlar atır. Qeyd olunmalıdır ki, Şahin Mustafayev Azərbaycan Stolüstü Tennis Federasiyasının yeni prezidenti seçildikdən sonra bu idman növünün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib. Belə tədbirlərdən biri də I Avropa Oyunlarına hazırlıq çərçivəsində həm respublikada, həm də ölkədən kənarda təlim-məşq toplanışlarının təşkil olunmasıdır. Təbii ki, Bakı-2015-in əhəmiyyətini nəzərə alsaq, bütün idman növləri, o cümlədən stolüstü tennis üzrə yığma komandamızın yarışlara hazırlıq səviyyəsi mühüm əhəmiyyət kəsb edir.
Federasiya rəhbərliyi stolüstü tennisçilərimizin taktiki və texniki hazırlıqlarının artırılması üçün bir sıra addımlar atıb. Şübhəsiz ki, hər bir uğurlu çıxışın əsasında gərgin məşq prosesi dayanır. Bunun üçün də federasiya rəhbərliyi hər bir şəraiti təmin etməklə "Şüa” İdman Sağlamlıq Kompleksini stolüstü tennisçilərin istifadəsinə verib. Hazırda burada gündəlik səmərəli təlim-məşq prosesləri, eləcə də respublikadaxili yarışlar təşkil olunur. Bundan əlavə, tennisçilərimiz ötən il ərzində Polşada və Çində bir neçə dəfə təlim-məşq toplanışlarında iştirak ediblər. Bu cür təlim məşqlər komandanın hazırlığında mühüm rol oynayır. Ötən il dekabrın 8-14-də isə tennisçilərimiz "Şüa” İdman Sağlamlıq Kompleksində təlim-məşq toplantısında iştirak edərək texniki və taktiki bacarıqlarını daha da artırıblar. Baş məşqçi Leşek Kuxarski, məşqçilər Aleksandr Zudov, Mixayıl Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi altında keçən toplanışda yığma komandanın üzvləri və regionlardan olan istedadlı idmançılar iştirak ediblər. Təlim-məşq toplantısının keçirilməsində əsas məqsəd 2015-ci ilin fevral ayında təşkil olnacaq "Avropa Stolüstü Tennis TOP-16 kuboku” və I Avropa Oyunlarının proqramına salınmış stolüstü tennis yarışlarına daha yaxşı hazırlaşmaq olub. Ümumilikdə 15 oğlan və 15 qız tennisçinin fiziki hazırlıq səviyyəsini, texniki və taktiki ustalığını artırmaq üçün təşkil olunan toplanışda Polşadan Bakıya dəvət olunmuş 3 oğlan və 1 qız idmançı da iştirak edib. Onlar sparrinq - tərəfdaş kimi tennisçilərimizlə birgə məşq keçərək təcrübələrini yerli idmançılarla bölüşüblər.
Ötən il Stolüstü Tennis Federasiyası üçün daha bir önəmli hadisə ilə yadda qalıb. Belə ki, federasiya tarixində ilk dəfə olaraq NN stolüstü tennis klubu yaradılıb. Hazırda peşəkar idmançıların və bacarıqlı idman mütəxəssislərinin kluba cəlb edilməsi istiqamətində mühüm işlər aparılır. Bununla kifayətlənməyən federasiya rəhbərliyi gələcəkdə paytaxtla yanaşı, regionlarda da yeni klubların açılması və onların inkişaf etdirilməsi üzrə bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır.
Ölkə üzrə 6-8 yaşlı uşaqların bu idman növünə cəlb olunması və onlardan gələcəkdə bacarıqlı tennisçilər hazırlamaq məqsədi ilə Bakıda və regionlarda fəaliyyət göstərən 20-dən artıq məşqçi-müəllimlərlə fərdi müqavilələr bağlanılıb. Əsas məqsəd stolüstü tennisin kütləviliyini artırmaq, onu populyarlaşdırmaq, peşəkar idmançılar yetişdirmək, seçim etmək və daha istedadlı tennisçiləri yığma komandaya cəlb etməkdir. Ötən ilin may ayında Çin Xalq Respublikasından 2001-ci il təvəllüdlü idmançı Çou Çuyi komandaya cəlb olunub. Bu, Azərbaycan stolüstü tennis tarixində əcnəbi idmançının komandaya gətirilməsi ilə bağlı ilk hadisədir.

Qeyd edək ki, federasiya Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi ilə birgə Azərbaycanda stolüstü tennisin inkişafı üzrə fəaliyyət proqramı hazırlayıb. Proqram çərçivəsində Bakı və Sumqayıtda müasir tələblərə cavab verən idman komplekslərinin inşası üçün müvafiq ərazilər ayrılıb. Stolüstü tennisin inkişafı üçün nəzərdə tutulan belə idman komplekslərinin respublikanın digər şəhərlərində də tikintisi planlaşdırılır. Federasiya məşqçilərin təcrübəsinin artırılmasına da diqqətlə yanaşır. Keçirilməsi nəzərdə tutulan treninqlər məşqçilərin ixtisasının artırılmasında əhəmiyyətli rol oynayacaq. Həmçinin yığma komandanın üzvlərinin xarici ölkələrdə bu növ üzrə təhsil alması da diqqət mərkəzində saxlanılır. Məsələn, yığma komandanın üzvü Hilal Həsənov federasiyanın hesabına Polşanın Qdansk şəhərində yerləşən idman akademiyasında üzunmüddətli təhsil almağa göndərilib.
Bütün bu görülən məqsədyönlü işlər stolüstü tennis idman növünün gələcək inkişafına böyük töhfə verəcək.

Azərbaycanda stolüstü tennisin mövcud
vəziyyəti diqqət mərkəzindədir
Qeyd etdiyimiz kimi, paytaxtımız bu il fevralın 6-8-də ölkə idmanı tarixində ilk dəfə olaraq stolüstü tennis üzrə "2015 İTTF - Europe TOP-16” kubokuna ev sahibliyi edəcək. I Avropa Oyunlarına hazırlıq xarakteri daşıyan bu yarışda qitənin ən güclü 16 kişi və 16 qadın tennisçisi mübarizə aparacaq. Milli Gimnastika Arenasında keçiriləcək yarışda komandamız iki idmançı ilə təmsil olunacaq (1 kişi, 1 qadın). Kişilərin mübarizəsində yığma komandanın təcrübəli oyunçusu, "Təhsil” RİM-in təmsilçisi Fərhad İsmayılov, qadınlar arasında yarışda isə NN klubunun üzvü Məryəm İmanova gücünü sınayacaq.
Federasiyanın beynəlxalq əlaqələri də ötən il inkişaf etdirilib.Belə ki, oktyabr ayının 20-dən 22-dək Avropa Stolüstü Tennis Birliyinin (ETTU) prezidenti Ronald Kramer Bakıda səfərdə olub.
O, Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayevlə görüşərək Azərbaycanda stolüstü tennisin mövcud vəziyyəti, gələcək inkişaf perspektivləri və yığma komandamızın I Avropa Oyunlarına hazırlıq səviyyəsi ilə bağlı fikir mübadiləsi aparıb.
Səfər çərçivəsində R.Kramer Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov və baş katibi Səbuhi Mehdizadə ilə birgə Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsində olub və tədbirə hazırlıq işlərinin gedişi, mövcud idman infrastrukturu, tikilən obyektlər və s. məsələlər barədə müzakirələr aparıb.
ETTU prezidenti həmin ərəfədə keçirilən stolüstü tennis üzrə Azərbaycan kuboku yarışlarını izləyib, yarışın təşkilini, oyunların səviyyəsi və yığma komandanın istifadəsinə verilmiş yeni idman obyektini yüksək qiymətləndirib.

Gündən günə artan uğurlar görülən işin bəhrəsidir
Stolüstü tennis üzrə milli yığma komandaya əcnəbi mütəxəssis polşalı Leşek Kuxarski rəhbərlik etməyə başladıqdan sonra komandada həm fiziki, həm də taktiki, texniki hazırlıq səviyyəsi yaxşılaşıb. Əcnəbi mütəxəssisin yığmaya dəvət olunmasında əsas məqsəd milli komandanı 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlamaqdır. Bu mötəbər turnirə qədər isə tennisçilərimiz bir sıra ölkədaxili və beynəlxalq yarışlarda iştirak ediblər. Mövsümün ilk yarışı yanvarın 15-16-da Azərbaycan Tibb Universitetinin idman zalında böyüklər arasında keçirilən "TOP-16” turniri olub. Qadınların yarışında "Aztelekom” İB-nin idmançıları ən yaxşı nəticə göstərərək turnirin qalibi adına layiq görülüblər. Səbinə Əhmədova I, Məryəm İmanova II, Rüfət Quliyeva isə III yeri tutub.
Kişilər arasında "Təhsil” RİM-in tennisçisi Ramil Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fərhad İsmayılov ikinci, Bakı Tennis Məktəbinin yetirməsi Hilal Həsənov isə üçüncü yerə sahib çıxıb. Fevral ayında böyük məşqçi Aleksandr Zudovun rəhbərliyi altında Polşanın Qdansk şəhərində keçirilən iki həftəlik təlim-məşq toplantısını başa vurduqdan sonra tennisçilərimiz Azərbaycan çempionatında iştirak ediblər. Fevralın 25-dən martın 1-dək keçirilən turnirdə tennisçilər komanda, şəxsi, qoşa və qarışıq qoşa yarışlarında mübarizə aparıblar.
Kişilər arasında keçirilən komanda yarışlarında "Təhsil” RİM (Bakı) birinci yeri tutub. "Sumqayıt -1” ikinci, Bakı Tennis Məktəbi isə komanda yarışlarını üçüncü pillədə başa vurub. Qadınların yarışında isə "Aztelekom” İB turnirin qalibi olub. "Sumqayıt -1” ikinci, "Neftçi İdman Klubu” İB üçüncü yerə layiq görülüb.

Şəxsi yarışlarda isə "Təhsil” RİM-in üzvləri Fərhad İsmayılov və Ramil Cəfərov ilk iki pillədə qərarlaşıblar. Rüstəm Əliyev ("Təhsil” RİM, Sumqayıt filialı) üçüncü olub. Qadınların şəxsi yarışında "Təhsil” RİM-in Sumqayıt filialının idmançısı Məryəm İmanova bütün rəqiblərini üstələyib. "Aztelekom” İB-in yetirmələri Rüfət Quliyeva və Zərif Əliyeva müvafiq olaraq ikinci, üçüncü yerləri tutublar. Kişilər arasında qoşa yarışlarda Xəyal Həşimli - Hilal Həsənov cütlüyü birinci olub. Rüstəm Əliyev - Nurlan Həsənov cütlüyü ikinci, Əliverdi Şahgəldiyev - Əli Bayramov cütlüyü isə üçüncü yeri tutublar. Qadınların qoşa yarışlarında Rüfət Quliyeva - Zərif Əliyeva cütlüyü hamıdan güclü olub. Könül Mikayılova - Roza Moiseyeva cütlüyü II pillədə yer alıb. Məryəm İmanova - Dinarə Məmmədova cütlüyü isə yarışları üçüncü yerdə başa vurub. Qarışıq qoşa yarışlarda Ramil Cəfərov - Məryəm İmanova cütlüyü fəxri kürsünün birinci pilləsinə layiq görülüblər. Xəyal Həşimli - Zərif Əliyeva cütlüyü II, Əli Bayramov - Dinarə Məmmədova cütlüyü isə III yeri tutub.
Stolüstü tennisçilərimiz ötən il təkcə ölkədaxili yarışlarda deyil, beynəlxalq turnirlərdə də qüvvələrini sınayıblar. Türkiyənin Konya şəhərində keçirilən IV Beynəlxalq Uşaq İdman Oyunlarında (Rumi) mübarizə aparan tennisçilərimiz vətənə medalla qayıdıblar.
32 ölkədən 1000-ə yaxın idmançının mübarizə apardığı turnirdə ölkəmizi stolüstü tennis üzrə milli komandanın 6 üzvü (3 qız və 3 oğlan) təmsil edib. Komanda yarışlarında tennisçi qızlarımız 3-cü yeri tutublar. Oğlanların mübarizəsində isə təmsilçilərimiz 5-ci olublar.
May ayında tennisçilərimiz ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş stolüstü tennis üzrə "TOP-12” turnirində iştirak ediblər. Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə "Olimpik Star” İdman Əyləncə Kompleksində keçirilən həmin yarışda kişilər arasında yığma komandanın təcrübəli oyunçusu Fərhad İsmayılov turnirin qalibi adını qazanıb. Ramil Cəfərov ikinci, Rüstəm Əliyev isə üçüncü yerə layiq görülüb. Qadınların mübarizəsində Çou Çuyi birinci, Rüfət Quliyeva ikinci, Məryəm İmanova isə üçüncü olub.
Mayın 21-25-də yeniyetmə tennisçilər Şəmkir Olimpiya İdman Kompleksində IX Respublika oyunlarının final mərhələsində qüvvələrini sınayıblar. Oğlanlar arasında komanda yarışlarında Bakı Tennis Məktəbinin idmançıları I, Şabran şəhəri UGİM-in tennisçiləri II, "Lokomotiv” İSM-in təmsilçiləri isə III yeri tutublar. Qızlar arasında komanda yarışlarında da Bakı Tennis Məktəbinin yetirmələri I yerə sahib çıxıblar. Şabran UGİM-in təmsilçiləri II, Qaradağ UGİM-in idmançıları isə üçüncü olublar.
İyunun 19-20-də "Şüa” İdman Sağlamlıq Kompleksində 2002-ci il təvəllüdlü və azyaşlı oğlan və qızlar arasında stolüstü tennis üzrə respublika təsnifat turniri keçirilib. İki gün davam edən turnirdə oğlanlar arasında "Lokomotiv” İSM-nin nümayəndəsi Fəxri Abdullayev turnirin qalibi adını qazanıb. Bakı Tennis Məktəbinin idmançısı Kənan Pənahov 2-ci, Şabran təmsilçisi Nihad Məmmədov 3-cü yeri tutub. Qızlar arasında keçirilmiş yarışda isə Şabran tennisçisi Aliyə Haşımova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun komanda yoldaşı Zöhrə Abdullayeva ikinci olub. "Neftçi İdman Klubu” İB-in təmsilçisi Zemfira Mikayılova isə üçüncü yerə layiq görülüb.
Stolüstü tennisçilərimiz sentyabrın 20-27-də Türkmənistan Respublikasının Türkmənbaşı şəhərində keçirilən MDB ölkələri məktəblilərinin idman-mədəniyyət festivalında iştirak ediblər. MDB-nin 9 ölkəsinin iştirak etdiyi yarışda Azərbaycan tennisçisi bürünc medala sahib çıxıb. Belə ki, yığma komandamızın üzvü, 1999-cu il təvəllüdlü Mətin Həsənzadə qrup mərhələsində şəxsi yarışlarda 4 idmançı üzərində qələbə qazanıb. Sonrakı mərhələdə o, Ermənistan idmançısını 3:0 hesabı ilə məğlub edib. Yarışda göstərdiyi nəticəyə görə Mətin Həsənzadə bürünc medala layiq görülüb. Qızların şəxsi yarışlarında yığma komandamızın üzvü, Bakı Tennis Məktəbinin yetirməsi Nəzakət Qarayeva 5-ci yeri tutub. Komanda yarışlarında isə idmançılarımız turniri 4-cü pillədə başa vurublar.
Oktyabrın 10-15-də Mingəçevir şəhərində stolüstü tennis üzrə idman məktəbləri arasında VII Respublika oyunlarının final mərhələsi keçirilib. Komanda xarakterli yarışda 10 oğlan və 10 qız komandası mübarizə aparıb. Oğlanlar arasında keçirilən yarışda "Təhsil” RİM-in Sumqayıt filialının komandası I, Bakı Tennis Məktəbinin nümayəndələri II, Şabran tennisçiləri isə III yeri tutublar. Qızların komanda yarışlarında I yerə Bakı Tennis Məktəbinin idmançıları layiq görülüblər. II yerə Şabran rayonunun tennisçiləri, III yerə isə "Neftçi İdman Klubu” İB-in nümayəndələri sahib çıxıblar.
Oktyabrın 18-də "Şüa” İdman Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Azərbaycan kuboku turniri keçirilib.
Komanda yarışlarında 1-ci yeri "Təhsil” Respublika İdman Mərkəzinin tennisçiləri tutublar. Bakı Tennis Məktəbinin idmançıları və "Sumqayıt-1” komandası "ilk üçlüyü” tamamlayıb.
Qadınların komanda yarışlarında NN klubunun üzvləri birinci yerə sahib çıxıblar. "Aztelekom” İB-in nümayəndələri II, "Sumqayıt-1” komandası isə III olub. Qadınlar arasında keçirilən şəxsi yarışlarda NN klubunun tennisçisi çinli Çou Çuyi bütün rəqiblərini üstələyib. Həmin klubun nümayəndəsi Bilurə Eminova ikinci pillədə yer alıb. "Aztelekom” İB-in tennisçisi Rüfət Quliyeva üçüncü yeri tutub.
"Təhsil” Respublika İdman Mərkəzinin nümayəndəsi Fərhad İsmayılov kişilər arasında keçirilmiş şəxsi yarışlarda hamıdan güclü olduğunu bir daha sübut edib. Onun komanda yoldaşı Ramil Cəfərov II, Bakı Tennis Məktəbinin nümayəndəsi Hilal Həsənov isə III yerə layiq görülüb.
Kişilərin qoşa yarışlarını Xəyal Həşimli - Hilal Həsənov cütlüyü birinci pillədə başa vurub. Əli Bayramov- Ramil Cəfərov cütlüyü ikinci olub. Anar Məmmədov- Cəfər Cəfərzadə cütlüyü isə üçüncü yeri tutub. Qadınların qoşa yarışlarında I yerə Çou Çuyi-Məryəm İmanova cütlüyü sahib çıxıb. Qarışıq qoşa yarışlarda Rüfət Quliyeva - Hilal Həsənov cütlüyü qalib adını qazanıb.
Sumqayıt şəhərinin 65 illiyinə həsr olunmuş stolüstü tennis üzrə birincilikdə 2003-cü il təvəllüdlü və daha azyaşlı oğlan və qızlar iştirak ediblər. Şəxsi formatda təşkil olunan yarışda oğlanlar arasında Sumqayıt idmançıları fəxri kürsünün hər üç pilləsinə sahib çıxıblar. Qızların yarışı da "Gənclər şəhəri”nin tennisçilərinin qələbəsi ilə başa çatıb.
Noyabr ayının 8-9-da "Şüa” İdman Sağlamlıq Kompleksində Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə Konstitusiya Gününə həsr olunmuş turnir keçirilib. 2003-cü il təvəllüdlü və daha az yaşlı oğlan və qızlar arasında şəxsi formatda keçirilən yarış iki gün davam edib. Oğlanlar arasında I yerə Bakı Tennis Məktəbinin idmançısı Kənan Pənahov layiq görülüb. "Lokomotiv” İSM-in tennisçisi Fəxri Abdullayev II, "Neftçi İdman Klubu” İB-in yetirməsi Rəşad Tahirov isə üçüncü yerə sahib çıxıb. Qızların yarışında "Neftçi İdman Klubu” İB-in yetirməsi Nigar Əhmədova fərqlənib. Qaradağ rayonunun Uşaq Gənclər İdman Məktəbinin təmsilçisi Aytac Qasımova II, "Neftçi İdman Klubu” İB-in tennisçisi Zemfira Mikayılova III olub.
Noyabrın 29-da yeniyetmə və gənc stolüstü tenisçilər "TOP-16” turnirində qüvvələrini sınayıblar. Şəxsi formatda keçirilən yarışda oğlanlar arasında Bakı Tennis Məktəbinin yetirməsi Sənan Əliyev birinciliyi əldən verməyib. Bu məktəbin digər nümayəndəsi Nurlan Həsənov ikinci pillədə qərarlaşıb. "Təhsil” RİM-in üzvü Əliverdi Şahgəldiyev üçüncü yeri tutub. Qızlar arasında keçirilən yarışda NN klubunun idmançısı Məryəm İmanova birinci pillədə yer alıb. "Təhsil” RİM-in Sumqayıt filialının yetirmələri Nəzrin Əhmədova və Dinarə Məmmədova ikinci, üçüncü yerləri bölüşüblər.
Mövsümün final akkordu isə İran İslam Respublikasının Qəzvin şəhərində keçirilən stolüstü tennis üzrə yeniyetmələr arasında beynəlxalq X "Fəcr” kuboku uğrunda yarış olub. Dekabrın 16-19-da keçirilən və 5 ölkənin iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Beynəlxalq turnirdə ölkəmizi məşqçilər Elnur Hidayətzadə və Gülnarə İbrahimovanın rəhbərliyi ilə yığma komandamızın 11 üzvü (6 qız və 5 oğlan) təmsil edib. Sevindirici haldır ki, qızlardan ibarət komandamızın üzvləri Dinarə Məmmədova, Nəzrin Əhmədova və Nəzakət Qarayeva III yeri tutublar.
Bütün bu nəticələr onu deməyə əsas verir ki, stolüstü tennisçilərimizin hazırlıq səviyyəsi yüksəkdir. İnanırıq ki, onlar I Avropa Oyunlarında da etimadı doğruldacaqlar.

Azər Əlizadə