«TOP-16» turniri başa çatdı

«TOP-16» turniri başa çatdı



Yanvarın 28-də «Şüa» İdman Sağlamlıq Kompleksində keçirilən stolüstü tennis üzrə «TOP-16» turnirinə yekun vurulub. Yarışın bağlanış mərasimində çıxış edən Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini, müasir standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını bildirdi. Son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən və nəzərdə tutulan tədbirlərdən danışan Fazil müəllim yarış iştirakçılarına uğurlar arzuladı. «Azərbaycanın bir sıra mötəbər idman tədbirlərinə ev sahibliyi etməsi ölkəmizinartan nüfuzundan xəbər verir. Təsadüfü deyildir ki, fevral ayının 6-8-də Beynəlxalq Stolüstü Tennis Federasiyasının «Avropa TOP-16» kuboku uğrunda yarışlar Azərbaycanda keçiriləcək. Bununla əlaqədar olaraq hazırlıq işləri həyata keçirilir», - deyə federasiya rəsmisi əlavə etdi. Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda ölkənin ən güclü 16 kişi və qadın idmançısı mübarizə aparırdı. İki gün davam edən turnir şəxsi formatda və beynəlxalq stolüstü tennis qaydalarına uyğun olaraq keçirildi. Qadınlar arasında keçirilən şəxsi yarışlarda Rüfət Quliyeva bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə layiq görüldü. Çinli idmançılar Denq Simenq ikinci, Çuyi Zoo isə üçüncü yerə sahib çıxdı. Kişilərin mübarizəsində isə Ramin Cəfərov birinci yerə layiq görüldü. Fərhad İsmayılov və Xəyal Həşimli müvafiq olaraq, ikinci, üçüncü yeri tutdular. Qaliblər Stolüstü Tennis Federasiyasının diplom və mükafatları ilə təltif olundular. Yarşlar başa çatıdqdan sonra qadınlar arasında turnirin qalibi Rüfət Quliyeva və yığma komandanın baş məşqçisi Aleksandr Zudov fikirlərini bizimlə bölüşdülər.





Rüfət Quliyeva (Yığma komandanın üzvü):

 - Yarış yüksək səviyyədə keçdi. Qrupda əvvəlcə çinli idmançı Çuyi Zoo üzərində qələbə qazandım. Digər çinli idmançı ilə oyunum daha maraqlı alındı. Məğlub olduğum oyunda sonradan təşəbbüsü ələ aldım və 3:2 hesabı ilə qalib gəldim. Sonuncu oyunumda isə Məryəm İmanova ilə qarşılaşdım və 3:2 hesabı ilə qələbə qazandım. Yarışa yaxşı hazırlaşmışdım. Sevinirəm ki, əziyyətimin bəhrəsini gördüm. Qələbəmdə zəhməti olan hər kəsə, xüsusilə də, məşqçilərim Aleksandr Zudov və Rafael Məlikyeqanova minnətdarlığımı bildirirəm.Bu yarışdan sonra təlim-məşq toplanışında iştirak edəcəyik. Həmin toplanışda fiziki, texniki və taktiki hazırlıq səviyyəmizi artırmağa çalışacağıq.



Aleksandr Zudov (Yığma komandanın baş məşqçisi): 

- Bu yarış idmançıların hazırlığının hansı səviyyədə olduğunu bir daha sübut etdi. Yığma komandanın üzvü Rüfət Quliyevanın güclü rəqiblərə qalib gələrək çempion olması bizi təəccübləndirdi. O yüksək hazırlıq fomasında olduğunu sübut etdi. Bundan əlavə, Bilurə Eminovanın da çıxışı bizi qane etdi. Bildiyiniz kimi, fevralın 6-8-də ölkəmizdə ilk dəfə olaraq «Avropa TOP-16» kuboku uğrunda turnir keçiriləcək. Həmin yarışda qadınların mübarizəsində komandamızı Məryəm İmanova, kişilərin yarışında isə Fərhad İsmayılov təmsil edəcək. Yarışa çox az vaxt qalmış Məryəmin belə uğursuz çıxış etməsi bizi narahat edir. Yarışlardan sonra komandamız fevralın 4-dək təlim-məşq toplanışında iştirak edəcək. Çalışacağıq ki, həmin ərəfədə bu problemləri aradan qaldıraq”.


Azər