“Avropa TOP-16” kuboku ilə bağlı mətbuat konfransı keçirildi

“Avropa TOP-16” kuboku ilə bağlı mətbuat konfransı keçirildi


Fevralın 2-də Milli Gimnastika Arenasında "Avropa TOP-16” beynəlxalq tennis turniri ilə bağlı mətbuat konfransı keçirildi. Tədbirdə Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Səbuhi Mehdizadə, Avropa Stolüstü Tennis Birliyinin nümayəndəsi Roman Pleş iştirak edirdilər.
Konfransda çıxış edən Stolüstü Tennis Federasiyasının baş katibi Səbuhi Mehdizadə yarışın ölkəmiz üçün əhəmiyyətindən danışdı. O, "Avropa TOP-16” turnirinin I Avropa Oyunlarına hazırlıq xarakteri daşıdığını bildirdi. "Yarışların keçirilməsində əsas məqsəd Azərbaycanda stolüstü tennis idman növünün kütləviliyini və populyarlığını daha da genişləndirmək, Avropa stolüstü tennis federasiyaları ilə mövcud əlaqələri daha da gücləndirmək, ən başlıcası isə, ölkəmizdə bu idman növünü inkişaf etdirməkdir. Bu yarışın paytaxtımızda keçirilməsi bizim üçün qürurverici haldır. Qeyd edim ki, bu turnir müxtəlif zamanlarda "TOP-12” adı altında keçirilirdi. Bakıda keçiriləcək yarış isə əvvəlkilərdən fərqli olaraq, "Avropa TOP-16” turniri kimi adlandırılacaq. Mötəbər yarışda Avropanın ən güclü 16 qadın və 16 kişi tennisçisi qüvvəsini sınayacaq. Şəxsi formatda keçirilən yarışlarda ölkəmizi 2 idmançı - Fərhad İsmayılov və Məryəm İmanova təmsil edəcəklər. Qitənin 15 ölkəsinin iştirak etdiyi yarışda dünyanın ən reytinqli idmançıları mübarizə aparacaqlar. Onu da qeyd edim ki, həm Avropa Stolüstü Tennis Birliyinin, həm də Beynəlxalq Stolüstü Tennis Federasiyasının rəsmiləri bu yarışda iştirak edəcəklər. Fəxri qonaqlar arasında 6 dəfə SSRİ və Avropa çempionu, hazırda Slovakiyanın qadınlardan ibarət yığma komandasının baş məşqçisi, həmyerlimiz Valentina Popova da olacaq.
Belə bir yüksək səviyyəli tədbir ilk dəfədir ki, ölkəmizdə keçirilir və ümid edirik ki, gələcəkdə bu cür yarışların sayı artacaq. Biz bu turniri idman ölkəsi kimi tanınmış Azərbaycanın adına layiq keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. İnanıram ki, bu yarış Azərbaycanda stolüstü tennisin inkişafına müsbət təsir göstərəcək”, - deyə Səbuhi müəllim əlavə etdi.
Avropa Stolüstü Tennis Birliyinin nümayəndəsi Roman Pleş tennis idman növündə Azərbaycan ilə uzunmüddətli əlaqələr yaratmaqda və Bakıda digər tennis turnirlərinin keçirilməsində maraqlı olduqlarını bildirdi. "Bu turnir Avropada böyük nüfuza malikdir. Azərbaycanda keçiriləcək bu mötəbər yarış 45-ci dəfədir ki, təşkil olunur. Qeyd edim ki, bu turnir ilk dəfə 1971-ci ildə Xorvatiyada keçirilib. Xüsusi vurğulamaq istərdim ki, 44 il ərzində 12-lik sistemlə keçirilən turnir ilk dəfə Bakıda 16-lıq sistemlə təşkil ediləcək”, - deyə o vurğuladı.
Sonra qonaqlar media nümayəndələrinin suallarını cavablandırdılar.