Yeni reytinq cədvəli açıqlandı

Yeni reytinq cədvəli açıqlandı


Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Tərtib olunan yeni siyahı əvvəlkindən çox da fərqli olmayıb.
Ümumilikdə isə siyahını baş məşqçi Hacıağa Hacıəhmədovun yetirmələri üçün uğurlu saymaq olar. Belə ki, ötən siyahıda olduğu kimi, bu cədvəldə də millimizin 5 üzvü ilk «onluq»dakı yerini qoruyub. Təmsilçilərimizdən ən yaxşı göstərici yenə də dünya çempionumuz Elxan Məmmədova (100 kq) məxsusdur. O, öz çəkisində 1612 xalla 4-cüdür. Onunla eyni çəkiyə malik olan digər cüdoçumuz Elmar Qasımov 1565 xalla 6-cı pillədə qərarlaşıb.
İlk «onluq»da yer alan Orxan Səfərovun (60 kq) da mövqeyi dəyişməz qalıb. O, ötən siyahıda olduğu kimi yenə də 5-ci sıradadır. Abu Dabi Qran-prisinin bürünc mükafatçıları İlqar Müşkiyev (60 kq) və Rüstəm Orucov (73 kq) ilk «onluğ»un son pilləsində yer alıblar.
Yığmamızın digər cüdoçularına gəlincə, Tərlan Kərimov (66 kq) 37-ci, Şahin Qəhrəmanov (90 kq) 30-cu, Uşanqi Kokauri (+100 kq) 38-ci pillədə qərarlaşıb. Bu isə o deməkdir ki, cüdoçularımız bu siyahıda da mövqeylərini qoruyublar.
Təmsilçilərimizdən yalnız Nicat Şixəlizadə (66 kq) irəliləməyi bacarıb. O, ötən siyahı ilə müqayisədə bir pilə irəliləyən təmsilçimiz 11-ci sıraya yüksəlib.
Təəssüf ki, eyni sözləri Məhəmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 81 kq) və Hüseyn Rəhimli (73 kq) barəsində demək olmaz. Belə ki, M. Mehdiyev iki pilə geriləyərək, 52-ci, T. Səfquliyev isə 9 rəqibini özündən irəli buraxaraq 72-ci yerləri tuturlar. Aktivində 105 reytinq xalı olan Hüseyn Rəhimli 12 pillə geriləyərək 99-cu sıraya enib. Yeganə xanım cüdoçumuz Kifayət Qasımova (57 kq) da geriləyənlər sırasındadır. O, 24-cü pilləni 25-ci yerlə əvəzləyib.
Məlumat üçün qeyd edək ki, bu idman növündə Olimpiya oyunlarına lisenziya reytinq cədvəlinə əsasən verilir.

Azər