“Köhnə qitə”nin ən güclü idmançıları Bakıda mübarizəyə başlayırlar

“Köhnə qitə”nin ən güclü idmançıları Bakıda mübarizəyə başlayırlar


Sabah ölkəmizdə ilk dəfə olaraq stolüstü tennis üzrə "Avropa TOP-16” kuboku start götürür. Milli Gimnastika Arenasında təşkil olunacaq şəxsi yarışda qitənin 18 ölkəsinin 32 (16 kişi, 16 qadın) idmançısı mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan təşkilatçı ölkə olduğu üçün yarışda birbaşa iştirak hüququ qazanıb. Ölkəmizi bu nüfuzlu yarışda iki idmançı təmsil edəcək. Kişilərin mübarizəsində yığma komandanın üzvü, "Təhsil” RİM-in yetirməsi Fərhad İsmayılova turnirdə iştirak etmək hüququ verilib. O, ötən il keçirilən ölkədaxili yarışlarda yüksək nəticələr əldə etdiyinə və 2014-cü ilin reytinq cədvəlinə görə bu hüquqa yiyələnib.
Qadınların yarışında isə yığma komandamızın üzvü, NN klubunun təmsilçisi Məryəm İmanova öz bacarığını nümayiş etdirəcək. "Avropa TOP-16” yarışında iştirak etmək üçün Məryəm İmanova Billurə Eminova və Rüfət Quliyeva ilə mübarizədə rəqiblərini qabaqlayıb. Belə ki, hər üç idmançının reytinq dərəcələri eyni olduğu üçün onların arasında "ən güclü”nü müəyyənləşdirən görüşlər keçirilib.
Məlumat üçün bildirək ki, "Avropa TOP-16” turniri iyun ayında Bakıda təşkil olunacaq I Avropa Oyunlarına hazırlıq xarakteri daşıyır. Ümumilikdə isə turnirin üç ən güclü tennisçisi bu il keçiriləcək Beynəlxalq Stolüstü Tennis Federasiyasının Dünya kuboku seriyasına vəsiqə qazanacaq. Bu da sözsüz ki, yarışın nə dərəcədə maraqlı olmasından xəbər verir.
"Köhnə qitə”nin ən nüfuzlu yarışlarından sayılan "Avropa TOP-16” turniri iki mərhələdən ibarət olacaq. Əvvəlcə qrup mərhələsi üçün püşkatma mərasimi keçiriləcək. Püşkə əsasən, 16 iştirakçı, hərəsində 4 nəfər olmaqla, 4 qrupda yarışacaq. Qrupdaxili mübarizədə ilk iki yeri tutan iştirakçılar növbəti mərhələyə vəsiqə qazanacaqlar. Bu mərhələdə idmançılar rəqiblərini püşk yolu ilə tanıyacaqlar. 1/4 finalda ən yaxşı nəticə göstərən 7 idmançı isə final uğrunda mübarizəni davam etdirəcək.
Turnirin açılış mərasimi sabah saat 16:00 başlayacaq. Yarışlara fevralın 8-də yekun vurulacaq.

"Avropa TOP-16” kuboku uğrunda ən yüksək reytinqli idmançılar
yarışacaqlar
"Avropa TOP-16” kuboku idmançılarımız üçün tarixi bir yarışdır. Çünki qitənin ən reytinqli idmançılarının mübarizə apardığı bu turnirdə ilk dəfədir ki, tennisçilərimiz iştirak edəcəklər.
Ümumilikdə yarışlarda Almaniya, Polşa, Fransa, Belarus, Avstriya, Rumıniya, Portuqaliya, Çexiya, Hollandiya, Macarıstan, Xrovatiya və bu kimi Avropanın ən güclü ölkələrinin nümayəndələri iştirak edəcəklər.
Bakıda mübarizə aparacaq stolüstü tennisçilərin əksəriyyəti reytinqli idmançılar olacaq. Bu da yarışın daha maraqlı keçəcəyindən xəbər verir. Yarışın ötənilki qalibləri - portuqaliyalı Markos Freytas kişilər, avstriyalı Cia Lyu qadınlar arasında titullarını qorumağa çalışacaqlar. Ən güclü tennisçilərdən olan Dmitri Ovçarov (Almaniya), Timo Boll (Almaniya), Vladimir Samsonov (Belarus), qadınlar arasında isə rumıniyalı Elizabeta Samara və digər tanınmış idmançılar liderlik uğrunda yarışacaqlar. Turnirdə ən böyük heyətlə Almaniya yığması mübarizə aparacaq.
Qeyd edək ki, üç gün davam edəcək "Top-16” kubokuna Avropa və Beynəlxalq Stolüstü Tennis federasiyalarının prezidentləri də dəvət edilib. Avropa Stolüstü Tennis Birliyinin başçısı Ronald Kramer, texniki meneceri Roman Pleş, Beynəlxalq Stolüstü Tennis Federasiyasının (İTTF) baş katibi, tennis ustaları və digər nümayəndələr Bakıya dəvət olunublar. Ötən ilin sentyabrında İTTF-in prezidenti seçilən Tomas Vaykert isə yarışların açılış mərasimində müəyyən səbəblərdən iştirak etməyəcək.
Turnirin rəsmi açılış mərasimində həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev, gənclər və idman naziri Azad Rəhimov və idman ictimaiyyətinin digər nümayəndələrinin də iştirakı gözlənilir.

Ümumilikdə, "Avropa TOP-16” kubokunda 150-dək qonaq iştirak edəcək. Avropa Stolüstü Tennis Birliyinin başçısı Ronald Kramerin Bakıda bir sıra rəsmi görüşlər keçirəcəyi, habelə I Avropa Oyunlarına hazırlıq məqsədilə görülən işlərlə yaxından maraqlanacağı gözlənilir. Fəxri qonaqlar arasında 6 dəfə SSRİ və Avropa çempionu, hazırda Slovakiyanın qadınlardan ibarət yığma komandasının baş məşqçisi, həmyerlimiz Valentina Popova da yer alacaq.
Məlumat üçün bildirək ki, Azərbaycanda keçiriləcək bu mötəbər yarış ümumilikdə 45-ci dəfədir ki təşkil olunur. Tarixə nəzər salsaq görərik ki, ilk dəfə 1971-ci ildə Xorvatiyada keçirilən bu turnir əvvəllər "TOP-12” adı ilə nüfuz qazanıb. Yalnız 44 ildən sonra yarışların formatı dəyişərək, məhz paytaxtımızda "Avropa TOP -16” adı altında təşkil olunacaq. Bu o deməkdir ki, Azərbaycan böyük tarixi olan yarışda yeniliklə yadda qalacaq.
Yarışdan əvvəl ənənəvi olaraq keçirilən mətbuat konfransında bu və ya digər məsələlər müzakirə olunub. Bu həftə keçirilən tədbirdə Avropa Stolüstü Tennis Birliyinin texniki meneceri Roman Pleş yarışın Azərbaycanda keçirilməsinin təsadüfi olmadığını diqqətə çatdırmışdı. Bir neçə dəfə ölkəmizdə səfərdə olan ali qurum rəsmisi yerli federasiyanın işi ilə tanış olduğunu, son dövrdə qurumun fəliyyətində əsaslı dəyişiklərin edildiyini xüsusi vurğulamışdı. Roman Pleş həmçinin tennis idman növündə Azərbaycan ilə uzunmüddətli əlaqələr yaratmaqda və Bakıda digər tennis turnirlərinin keçirilməsində də maraqlı olduqlarını bildirmişdi. Bu da onu göstərir ki, Avropa Stolüstü Tennis Birliyi və Beynəlxalq Stolüstü Tennis Federasiyasının rəhbərləri Azərbaycanda bu idman növünün inkişaf etməsində maraqlıdır.
Bir daha qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd stolüstü tennisin kütləviliyinin genişləndirilməsi, gənc nəslin bu idman növünə daha çox cəlb edilməsi və Avropa Stolüstü Tennis Birliyi ilə mövcud əlaqələrin daha da genişləndirilməsidir. Təbii ki, Azərbaycan Solüstü Tennis Federasiyasının ən mühüm strategiyasının bu idman növünün kütləviliyinin artırılmasından ibarət olduğu heç kəsə sirr deyil. Əminliklə qeyd etmək olar ki, son zamanlar Azərbaycan Stolüstü Tennis Federasiyası bu idman növünün kütləviliyini artırılması və idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi üçün böyük işlər həyata keçirir. İnanırıq ki, aparılan bu məqsədyönlü işlər gələcəkdə öz bəhrəsini verəcək.
İndi isə əsas məsələ idmançılarımızın "Avropa TOP-16” turnirində uğurla çıxış etməsidir. Ümid edirik ki, təmsilçilərimiz bu yarışda gözəl oyunları ilə yadda qalacaqlar.
Azər Əlizadə